Sosium

Sosial şəbəkə trendləri: Zamanın diktəsi, yoxsa cəmiyyətin təqlidi?

Sosial şəbəkələr müasir dövrdə cəmiyyətin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu platformalarda yaranan trendlər yalnız əyləncə məqsədi daşımır, eyni zamanda insan davranışlarına, mədəniyyətə və ictimai münasibətlərə əhəmiyyətli təsir göstərir.
 
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Ankara Universitetinin doktorantı, BDU-nun müəllimi Qoşqar Bəylərov trendlərin yaranma səbəblərindən və populyarlığının amillərindən bəhs edib:
 
“Sosial şəbəkələrdə trendlər insanların diqqətini çəkən məzmunların sürətlə geniş kütləyə yayılması ilə yaranır. Bunun səbəbi həm insan davranışları, həm də texnologiyanın verdiyi imkanlarla bağlıdır. Trendlərin populyarlaşmasına isə bir neçə amil təsir edir:
 
• Birinci amil aktual hadisələr və xəbərlərdir. Gündəmdə olan siyasi, sosial, mədəni və iqtisadi mövzular insanların marağını cəlb edir və müzakirə obyektinə çevrilir. Vacib hadisələr zamanı sosial şəbəkələrdə məlumatların bir neçə saat, hətta dəqiqə ərzində trendləşməsi mümkündür.
 
• İkinci amil məşhurlar və influencerlərin təsir gücüdür. Onların geniş izləyici kütləsi istənilən mövzunu qısa müddətdə populyarlaşdıra bilir. Məsələn, məşhur bir şəxsin müəyyən geyim markası haqqında paylaşımı həmin məhsulun trendə çevrilməsinə səbəb ola bilər.
 
• Üçüncü amil sosial şəbəkə platformalarının algoritmləridir. “TikTok”, “X” (əvvəlki “Twitter”), “Instagram” kimi platformalar istifadəçilərin maraqlarını analiz edir və cəlbedici məzmunları önə çıxarır. Bu, məzmunların sürətlə geniş auditoriyaya çatmasını təmin edir.
 
• Dördüncü amil həştəq istifadəsidir. Həştəqlər müəyyən mövzular ətrafında insanları birləşdirir və məlumatların daha çox insana çatmasına kömək edir. Xüsusilə “Twitter” və “Instagram”da həştəqlər trend siyahılarında mühüm rol oynayır.
 
• Beşinci amil viral məzmunlardır. Maraqlı, emosional və ya gülməli məzmunlar sürətlə paylaşılıb populyarlaşır. Burada vizual güc və hekayənin təsiri əsas rol oynayır”.
 
Qoşqar Bəylərov həmçinin sosial şəbəkə trendlərinin cəmiyyətə təsirlərini də qeyd edib:
 
“Trendlər cəmiyyətin davranışlarına, dünyagörüşünə və gündəlik həyatına dərin təsir göstərir. Bu təsir həm fərdi, həm də kollektiv səviyyədə özünü göstərir:
 
• Birinci təsir davranışların dəyişməsidir. Məsələn, “TikTok”dakı rəqs trendləri müəyyən hərəkətlərin gənclər arasında məşhurlaşmasına səbəb olur, moda trendləri isə geyim seçimlərinə təsir edir.
 
• İkinci təsir cəmiyyətin müəyyən mövzulara münasibətini dəyişməsidir. Məsələn, #MeToo və #BlackLivesMatter kampaniyaları gender bərabərliyi və irqçilik kimi məsələlərdə ictimai şüurun artmasına kömək edib.
 
• Üçüncü təsir iqtisadi sahədədir. Trendlər istehlakçı davranışlarını formalaşdırır və brendlərin strategiyalarını dəyişir. “Influencer marketing” bu sahədə mühüm rol oynayır.
 
• Dördüncü təsir texnoloji əlaqələrdir. Yeni platforma və texnologiyaların geniş yayılması məhz sosial şəbəkə trendləri ilə bağlıdır.
 
• Beşinci təsir isə sosial təzyiq və aidiyyət hissidir. İnsanlar trendləri izləyərək müəyyən bir qrupa aid olduğunu hiss edirlər. Lakin bu, bəzən fərdin özünü sosial basqı altında hiss etməsinə səbəb ola bilər”.
 
Müsahibim sonda trendlərin təsirini idarə etmək üçün sosial şəbəkə istifadəsini balanslaşdırmağın vacibliyini vurğulayıb.
 
Sosioloq Lalə Mehralı isə bildirib ki, trendlərin yaranması və yayılması insanların təqlid etmə həvəsindən qaynaqlanır:
 
“Əslində bu, təqliddən başqa bir şey deyil. Bir trendin yaranması və bütün cəmiyyətlərdə təkrarlanması sadəcə insanların təqlid etmə meyli ilə bağlıdır. Bəzən isə belə trendlər cəmiyyətin müəyyən qruplarının reputasiyasına təsir edir. Məsələn, məktəblərdə müəllimlərin pilləkənlərdə şəkil çəkdirməsi trend olmuşdu. Bunun heç bir sosial-ictimai faydası yox idi.
 
 
Sosioloq həmçinin qısa müddət öncə məşhurlaşan Dubay şokoladı trendini də nümunə gətirib:
 
“Dubay şokoladı trendi əslində satışa yararsız məhsulun dünyaya satılması üçün bir marketinq hiyləsi idi. İnsanlar həmin şokoladları videoya çəkərək yeyirdi, trend halına gəlmişdi. Sonradan məlum oldu ki, bu şokoladlar kiflənmiş məhsullardan hazırlanmışdı. Buna görə də trendlərin insan əlaqələrinə və kommunikasiya prosesinə təsir etdiyini düşünmürəm.”
 
 
Saida Ramazanova

10:23 17.12.2024

Oxunuş sayı: 5224

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR