Azərbaycan-Gürcüstan əlaqələri - Tarixi dostluqdan strateji tərəfdaşlığa
Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illərdir ki, Cənubi Qafqazın ən stabil və strateji əməkdaşlıq modellərindən biri kimi qiymətləndirilir.
İki ölkə arasında formalaşmış dostluq və tərəfdaşlıq əlaqələri təkcə diplomatik müstəvidə deyil, həm də enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində özünü göstərir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı qarşılıqlı maraqlara əsaslanaraq möhkəmlənməyə davam edir.
Mövcud geosiyasi reallıqlar fonunda bu münasibətlərin daha da dərinləşdirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.
Bəs bu gün Azərbaycan-Gürcüstan diplomatik əlaqələrini necə qiymətləndirmək olar və hansı sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib:

“Azərbaycan xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşama prinsipinə xüsusi önəm verir və bunu beynəlxalq hüquq müstəvisində tənzimləməyə maraqlıdır.
Bu qonşularımızdan biri də Gürcüstandır. Gürcüstanla bizim iqtisadi-siyasi münasibətlərimiz yüksək səviyyədədir və bu münasibətlər getdikcə daha da inkişaf etməkdədir.
Bildiyiniz kimi, Gürcüstana mütəmadi şəkildə iki dövlət başçıları tərəfindən qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidentinin də Gürcüstana səfəri olmuşdur və bu səfər çərçivəsində iki dövlət arasında iqtisadi-siyasi münasibətlərin inkişafı və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Bu yaxınlarda da Gürcüstanın Baş naziri Azərbaycana səfər etmişdir.
Ümumilikdə, müxtəlif platformalarda Azərbaycanla Gürcüstan arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında inkişaf edir və Azərbaycan bu əməkdaşlıqda maraqlıdır.
İki dövlət arasında iqtisadi-siyasi münasibətlər yüksək səviyyədədir. Azərbaycan enerji layihələrini Gürcüstan üzərindən Avropaya çıxarır. İstər qaz, istərsə də neft kəmərləri və digər enerji layihələri məhz Gürcüstan üzərindən keçməklə Türkiyə və oradan Avropaya çıxış əldə edir”.
Politoloq əlavə edib ki, Gürcüstan bizim yaxın qonşumuz olmaqla yanaşı, həm də müttəfiqimizdir:
“Unutmaq olmaz ki, Gürcüstanda təxminən 1 milyona yaxın soydaşımız yaşayır. Bu yaxınlarda Gürcüstanla dəmir yolunun açılması prosesi də həyata keçirilmişdir.
Hesab edirəm ki, iki dövlət arasında qardaşlıq münasibətlərinin inkişafı həm Gürcüstanın, həm də Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir. Ümumilikdə, Gürcüstanla bir çox sahələrdə əməkdaşlıq inkişaf etməkdədir. Bildiyiniz kimi, Gürcüstan Avropa İttifaqının müəyyən təzyiqlərinə məruz qalır və orada qeyri-hökumət təşkilatları vasitəsilə təsir mexanizmlərinin qurulmasına cəhdlər edilir.
Bu proseslər mütəmadi olaraq müşahidə olunur. Eyni zamanda, Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir və ölkənin bir hissəsi Rusiya tərəfindən işğal olunmuşdur. Ümumiyyətlə, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətləri yüksək səviyyədədir və bu əlaqələrin inkişafı regionun iqtisadi sabitliyinə mühüm töhfə verir.
Gürcüstanla Azərbaycan arasında tarixi əlaqələr də geniş və dərin köklərə malikdir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki dövlətin milli və dövlət maraqlarına uyğundur”.
Ayhan
13:30 26.05.2026
Oxunuş sayı: 64