Azərbaycan ali təhsil sisteminə 7 yeni ixtisas əlavə edilib
Azərbaycanda ali təhsil sisteminin müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə təhsil proqramlarına 7 yeni ixtisas əlavə edilib. Bu dəyişikliklərin ölkənin kadr potensialına müsbət təsir göstərəcəyi gözlənilir.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, “Yeddi yeni ixtisasa riyaziyyat və fizika müəllimliyi, data analitika, kənd təsərrüfatı texnologiyaları, heyvandarlıq, qidalanma və dietologiya, proqram təminatı mühəndisliyi və qida texnologiyaları ixtisası daxildir. Hesab edirəm ki, bu ixtisaslar çox müasir ixtisaslardır. Bu ixtisaslar ümumilikdə ölkəmizin iqtisadi inkişafına yönəlmiş çox vacib addımdır. Bununla bağlı Nazirlər Kabinetinin qərarı onu göstərir ki, Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi və müasir gələcəyin əmək bazarında vacib sahələr üzrə kadr hazırlamasına ölkəmizdə hər zaman önəm verilib. Ümumiyyətlə, Azərbaycan sürətlə inkişaf edir və bu qlobal əmək bazarının bir hissəsidir. Yəni bizim universitetlər yalnız Azərbaycan əmək bazarı üçün kadr hazırlığına fokuslanmayıb. Bu baxımdan da, yeni ixtisasların yaradılması keyfiyyətli və müasir kadr təminatını həyata keçirmək istiqamətində böyük önəm daşıyacaq. Biz yeni ixtisaslara baxanda kifayət qədər yenilikçi peşələr görürük”.
Təhsil eksperti qeyd edib ki, “Həmçinin vacib məqamlardan biri odur ki, bu sahələr dünyanın əmək bazarı ilə uzlaşan ixtisaslardır. Yeni ixtisaslarda tədris aparmaq həm də universitetlərin qarşısında duran önəmli məsələlərdəndir. Yetər ki, ali təhsil müəssisələrində tədris aparacaq pedaqoji heyət yerində olsun. Məsələn, ABŞ-ın hər hansı universitetində olan ixtisası Azərbaycanda açaq, lakin nəzərə alaq ki, bunun təsdiq, məzmun və proqram təminatı olmalıdır. Düşünürəm ki, yeni ixtisaslarda peşəkar mütəxəssislərimiz mövcuddur. Eyni zamanda, bu sahələrdə aparılan tədris bir neçə fənnin multi və transdisiplinar yanaşmalarını nəzərdə tutur. Çox mühüm qərardır və ümumilikdə universitetlər zamanla gələcək əmək bazarının tələblərini təhlil etmək, onunla bağlı müvafiq təkliflərlə hökumət qarşısında çıxış etmək və bu cür uğurlu qərarların həyata keçirilməsində maraqlı olmalıdırlar”.
Fidan Hacızadə
12:39 16.12.2024
Oxunuş sayı: 7162