Media və QHT

Azərbaycanda “Media Savadlılığı” həftəsi başladı - AÇIQLAMA

16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” həftəsi keçirilir. Həftənin əsas məqsədi cəmiyyətdə media savadlılığına dair məlumatlılığı artırmaq, beynəlxalq təcrübələri öyrənmək və gənclərin bu sahədəki bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Həftə çərçivəsində iştirakçılara informasiya mənbələri ilə səmərəli işləmə yolları öyrədiləcək, məsuliyyətli rəqəmsal vətəndaşlıq ideyası təbliğ olunacaq. Proqramda həm yerli, həm də beynəlxalq ekspertlər təcrübələrini bölüşəcək, müxtəlif tərəfdaş qurumların nümayəndələri ilə diskussiyalar aparılacaq.

Medianın İnkişafı Agentliyinin təşkil etdiyi bu həftə hər il mütəmadi keçirilir və media savadlılığının müxtəlif aspektlərini əhatə edən layihələrlə yadda qalır. Gənclərin həssas istifadəçi qrupu kimi biliklərinin artırılması və rəqəmsal məkanda daha şüurlu davranışlarının təşviqi həftənin əsas prioritetləri sırasındadır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Crossmedia.az-a açıqlamasında bildirib ki, “Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı və sosial media platformalarının çoxalması dövrümüzdə informasiya axınını sürətləndirir. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə məlumatı eşidir, görür və dinləyir. Həmçinin cəmiyyət üzvləri çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. Bu gün hər kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır.”

Müşfiq Ələsgərli: "Fakt yoxla" platformalarının özləri yanlış  informasiyalar yaymağa fokuslanıb

Onun sözlərinə görə, “təəssüf ki, gündəlik xəbər dövriyyəsi yalnız etibarlı və düzgün məlumatlardan ibarət deyil. Yanlış və saxta xəbərlər, eləcə də dezinformasiya da xəbər dövriyyəsində böyük yer tutur. Saxta xəbər insanları çaşdırır, səhv qərarlar verməsinə və yanlış addımlar atmasına səbəb olur. Belə bir informasiya bolluğunda düzgün məlumatı seçmək, onun etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir. İnsanlar doğru xəbəri saxtadan ayırmağı, yalan xəbərin təsirindən yayınmağı bacarmalıdırlar. Həmçinin, özləri xəbər mənbəyi kimi çıxış etdikdə obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə sahib olmalıdırlar. Bütün bu elementlər media savadlılığı proqramında ifadə olunur.”

Qeyd edək ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Medianın İnkişafı Agentliyi bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir. 2023-cü ildə Agentlik tərəfindən istifadəyə verilmiş “Medialiteracy.media.gov.az” portalı media savadlılığı sahəsində məlumat əldə etmək istəyənlər üçün mühüm resurs rolunu oynayır.

Agentlik eyni zamanda hər il “Media Savadlılığı Həftəsi” çərçivəsində genişmiqyaslı kampaniyalar təşkil edir. Müşfiq Ələsgərli bu cür proqramların və kampaniyaların Azərbaycanda media savadlılığının inkişafını stimullaşdırdığını vurğulayıb.

Maral Şahverdili

10:09 16.12.2024

Oxunuş sayı: 7211

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR