Sosium

Müəllim kadrların çatışmazlığı problemi yoxdur - AÇIQLAMA

Azərbaycanda müəllim kadrlarının çatışmazlığı məsələsi uzun illərdir müzakirə olunan və hələ də tam həllini tapmayan bir problemdir. Bu problemin həlli  yalnız kadr hazırlığına deyil, həm də müəllimlərin əmək bazarındakı mövqeyinə, təhsil müəssisələrinin fəaliyyətinə və bütövlükdə təhsil sisteminin keyfiyyətinə təsir göstərir. Əmək bazarında işsiz müəllimlərin sayı ilə bağlı yaranan narahatlıqlar, həmçinin müəllim hazırlığına dair yanlış planlaşdırmalar və keyfiyyətsiz kadrların davamlı istehsalı, təhsilin gələcəyini təhdid edən əsas amillərdən biridir. Bu problemlər təkcə müəllimlərin sayı ilə deyil, həm də onların keyfiyyəti- təhsil səviyyəsi, səriştə və bacarıqları,  peşəkarlığı ilə də əlaqədardır. Bu sahədəki problemlərin həlli üçün təcili və effektiv tədbirlərin icrası zəruridir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti İlham Əhmədov sözü gedən məsələyə aydınlıq gətirib:

"Azərbaycanda müəllim kadrlarının çatışmazlığı adlı problemi yoxdur. Problem keyfiyyət problemidir. Bu problem təkcə müəllim kadrları  ilə əlaqədar  deyil. Bütün ixtisaslarda məzunların keyfiyyət problemi var. Bizim məzunlar rəabətədavamlı deyillər. Çünki, onların təhsil aldıqları universitetlər özləri rəqabətədavamlı deyil. Bu gün əmək bazarında işləyən müəllimlər qədər də işsiz müəllimlər var. Bu da keçmişdə (20-30 il əvvəl) müəllim hazırlığının düzgün planlaşdırılmadığından yaranıb. Həmin səhv planlaşdırma hələ də davam edir. MİQ imtahanlarına 5-6 min vakant müəllim ştatı olur (əsasən də əyalətlərdə),  amma  50-60 min iddiaçı MİQ imtahanda iştirak edir.  Eyni zamanda hər il ortalama 15-20 min tələbə pedaqoji ixtisaslar üzrə universitetlərə qəbul edilir. Digər tərəfdən, pedaqoji təhsili olmayanların da müəllim işləməsinə şərait yaradılır. Bu da işsiz müəllimlərin  məktəblərdə iş tapmasına əlavə çətinliklər yaradır.
Bu sahədə sözü gedən gərginlik hələ çox davam edəcəkdir. Çünki, bu gün də müəllimlik ixtisası üzrə qəbul planlalının layihələnməsində səhv planlama halları davam edir. 
Bunun rəqabətə çox da böyük təsiri yoxdur. Çünki rəqabət keyfiyyətə bağlıdır. Keyfiyyətli təhsil varsa, o zaman rəqabət yaranır. Bu halda isə bir savadsız müəllim işdən çıxdığı zaman, onu digər savadsız müəllim əvəzləyəcək. Çünki bizim universitetlər keyfiyyətli kadr hazırlaya bilmirlər. 51 universitetin heç biri Boloniya prosesi tələbləri səviyyəsində keyfiyyətə təminat sistemi yarada bilməyib. Beynəlxalq standartlarda olmasa da, ondan aşağı səviyyədə də keyfiyyətə təminatın işlək sistemi yaradılmayıb. MİQ imtahanlarında da, sertifikasiya imtahanlarında da nazirlik bunu hər dəfə hiss edir".

Ekspert əmək bazarında olan keyfiyyətsiz kadrlardan söz açaraq, bu məsələnin həllində distant təhsildən istifadənin vacibliyindən danışıb. Qeyd edib ki, yaxın gələcəkdə işsiz müəllimlərin daha da sayı artacaq:

"Keyfiyyətsiz kadrlar əmək bazarına davamlı olaraq daxil olur.  Dövlət onların təhsili üçün büdcədən böyük məbləğdə pul ayrır. Amma, məzunlar əmək bazarında işverənlərin tələbi səviyyəsində bilik, bacarıq səriştələri nümaiş etdirə bilmirlər.
ETN bildirir ki, yaxın gələcəkdə xeyli məktəb rasionallaşacaq. Bəzi kənd məktəblərində şagird azdır, onlar rasionallaşanda, siniflərdə şagird sayı sinifin bölünməsi üçün yetərli olmayacaq. Yəni, dərs yükü artmayacaq, yeni vakansiyaalar yaranmayacaqdır.
Bu halda  bağlanan məktəblərin müəllimlərinin məktəblərdə işləməsi problemli olacaqdır. Çox ehtimal ki, işsiz müəllimlərin sayı daha da artacaq.
Hesab edirəm ki, indiki yanaşma tərzi davam edərsə, ucqar kəndlərdəki 1500 məktəbdən ən az 1000 məktəb bağlanacaq. Çünki, məqsəd  maliyyəyə qənaət etməkdir. 1000 məktəbin 8-10 min müəllim işsiz qala bilər.
Rasionallaşan məktəblərin çoxunda dərs saatı artmayacaqdır. Amma bu məktəbləri bağlamadan və az maliyyə ilə onların fəaliyyətini qorumaq olar".

İlham Əhmədov problemin həll yollarından da söz açıb:

Bu problemin ən yaxşı yolu azkomplektli məktəblərdə distant təhsildən istifadədir. Təəssüf ki, bizim təhsil nazirliyində distant təhsil məsələsinə qarşı bir "fobiya" var. Bütün dünya distant təhsildən istifadə etdiyi halda bizdə yoxdur. Bundan gənc nəsil, məktəblilər xeyli ziyan çəkirlər.
Əgər məktəblər bağlanarsa, uşaqlar oxumaq üçün qonşu kəndə getməli olacaqlar. Kəndlərarası yolların durumu, məktəblərin nəqliyyat vasitələrinin olmaması kimi  problemləri də unutmaq olmaz. Bu halda uşaqların fasiləsiz təhsil prosesi pozulacaq. Bütün bu problemlər həll ediləməlidir.
Amma azkomplektli məktəblərin fəaliyyətini davam etdirən ölkələr də çoxdur. Onlardan biri də Qazaxstandır. Qazaxıstan azkomplektli məktəblərdə tədrisin təşkili ilə bağlı xüsusi təcrübəyə malikdir. Ölkənin böyük coğrafiyası və əhalinin səpələnmiş yaşayış tərzi təhsil sahəsində yeni modellərin və yanaşmaların inkişafını tələb edir. Qazaxıstanın bu istiqamətdə apardığı işlər həm şagirdlərin keyfiyyətli təhsilə çıxışını təmin etməyə, həm də təhsil prosesində müasir texnologiyalardan istifadəyə əsaslanır. Azkomplektli məktəblərdə  tədris  birləşdirilmiş siniflərdə aparılır.  Bu zaman müəllimlər bir neçə sinif üçün vahid dərs planı hazırlayır. Tədris prosesində şagirdlərin yaş və bilik səviyyələri nəzərə alınır. Əsas diqqət təməl biliklərin öyrədilməsinə və şagirdlərin fərdi inkişafına yönəlir.
Azkomplektli məktəblərdə distant təhsil texnologiyaları çox  geniş tətbiq edilir. Bu zaman elektron öyrənmə (E-learning)  və virtual dərslərdən istifadə edilir. Elektron öyrənmə azkomplektli məktəblərdə rəqəmsal təhsil resurslarından istifadə edilərək tətbiq edilir. Elektron dərsliklər, videodərslər və interaktiv platformalar vasitəsilə şagirdlər daha geniş resurslara çıxış əldə edirlər. Virtual dərslərin də bu prosesdə imkanları böyükdür. Distant təhsil texnologiyaları vasitəsilə ucqar bölgələrdəki şagirdlər keyfiyyətli təhsil almaq imkanı əldə edirlər. Bu zaman  müəllimlər onlayn dərslər təşkil edərək biliklərin şagirdlərə ötürülməsini təmin edirlər. 
Qazaxıstanın bu sahədəki uğurları bizim təhsil sistemi üçün də nümunə ola bilər. Sadəcə işləmək lazımdır". 

Ekspert sonda keyfiyyətli insan kapitalının yaradılmasının milli təhlükəsizliyin mühüm amili olduğunu və dövlətin əsas vəzifələrində biri olduğunu vurğulayıb.

Banuçiçək Kalbalıyeva

13:27 14.12.2024

Oxunuş sayı: 10280

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR