Gələcəyin iş dünyası: Hansı peşələr lider olacaq? – Ekspertlər AÇIQLAYIR
Gələcəyin peşələri və iş bazarının tələbləri mövzusu son illərdə sürətlə dəyişən texnologiya, qloballaşma və rəqəmsallaşmanın təsiri altında aktuallıq qazanıb. Texnologiyanın inkişafı iş bazarındakı tələbləri də dəyişir. Ənənəvi peşələr yerini avtomatlaşdırma və süni intellektlə dəstəklənən yeni sahələrə buraxır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli gənclərin ixtisas seçimlərini iş bazarındakı tələblərə əsasən müəyyənləşdirməsini daha uyğun hesab edir.
“Bu gün gənclərimiz bəzən ixtisas seçəndə daha çox balları çatan, arzuladıqları ixtisaslara üstünlük verirlər. Hesab edirəm ki, daha aktual peşələrin seçilməsi üçün gənclərimizə istiqamət verməliyik ki, gələcəkdə məşğulluq və iş təminatı daha da yaxşı olsun və işsizlik artmasın”.
İqtisadçı gələcəkdə iş bazarında hansı sahələrə daha çox tələbin olacağını açıqlayıb:
“Düşünürəm ki, gələcəyin əsas peşə istiqamətləri süni intellekt, şəbəkə təhlükəsizliyi, İT, rəqəmsallaşma ilə bağlı sahələr olacaq. Dünya artıq yaşıl enerjiyə keçir və bu sahədə mühəndislik, elektronika mühəndisliyi daha aktual olacaq. Həmçinin onlayn satışlar, onlayn marketinq, yeni proqramlaşdırma, oyun proqramları, startaplar, innovativ texnologiyalar üzrə mühəndislər iş bazarında daha yüksək nailiyyətlər qazana biləcəklər”.
Eyyub Kərimli gələcəkdə onlayn iş mühitinin artacağını da qeyd edib:
“Hesab edirəm ki, gələcəkdə ənənəvi iş yerlərimiz də onlayn ilə əvəz olunacaq. Bu baxımdan kompüterdə iş bacarığı yüksək olan şəxslər, mühasiblər və sənədlərlə işləyənlər üçün yeni imkanlar yaranacaq və işlərin çoxu onlayn şəkildə həyata keçiriləcək”.
Ekspert, həmçinin yumşaq bacarıqların iş bazarındakı əhəmiyyətinə diqqət çəkib:
“Bu gün insan yaxşı mühəndis, mütəxəssis, peşəsinin peşəkarı ola bilər, amma yumşaq bacarıqları olmasa, öz həyat və karyerasında çətinlik çəkəcək. Yumşaq bacarıqlara əsasən özünü ifadə, nitq qabiliyyəti, ünsiyyət qurmaq bacarığı, stressə uyğunlaşmaq, komanda ilə işləmək və yüksək dil bilikləri daxildir”.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Təhsil Məsələləri üzrə tədqiqatçısı Elmin Nuri isə peşə təhsili sisteminin önəmindən bəhs edib:
“Gələcəyin peşələri bugün özünü əsasən iki tədris sistemində göstərir: peşə təhsili sistemi və ali təhsil sistemi. Hazırda gələcəyin ixtisasları və əmək bazarının tələbləri istiqamətində danışarkən əsas diqqəti peşə təhsil sisteminə yönəltmək lazımdır. Çünki dünyanın bir çox ölkələrində hazırda və gələcək üçün ən zəruri ixtisaslar, əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verən peşələr məhz bu tədris müəssisələrində formalaşır. Peşə tədris müəssisələrində İT əsaslı ixtisaslar, kompüterlə bağlı texniki peşələr, proqramlaşdırma, energetika, elektrotexnika, cihazqayırma, radiotexnika, rabitə və informasiya texnologiyaları istiqamətləri gələcəkdə xüsusi fərqlənəcək”.
Tədqiqatçı ali təhsil sisteminin əsas missiyasını da vurğulayıb:
“Ali təhsil seqmentində durumlar nisbətən fərqlidir. Çünki ali təhsil yalnız əmək bazarının praktik tələblərinə deyil, həm də tədqiqat yönümlü missiyalara xidmət edir. Ortaq cəhət isə gələcəyin ali təhsilində İT istiqamətinin xüsusi çəkisinin artmasıdır. Süni intellekt, mechatronika, robotexnika, nanotexnologiya və data analitikası kimi ixtisaslar ali təhsildə aparıcı qüvvələrdən biri olacaq”.
Saida Ramazanova
15:27 11.12.2024
Oxunuş sayı: 6812