Bir millətin nur yaddaşı: Zərifə Əliyeva
Elə ömürlər var ki, onlar zamanın məhdud çərçivəsinə sığmır, yaşadıqları dövrü aşaraq gələcək nəsillər üçün bir kamillik məktəbinə çevrilir. Akademik Zərifə Əliyevanın ömür yolu da məhz bitməyən missiyanın, sönməyən işığın təcəssümü olan mənəvi irs kimidir.
Zərifə xanım Əliyevanın ömür yolu haqqında düşünərkən insanın nəzərində canlanan ilk obraz mənəvi saflığın, intellektual ucalığın və bəşəri mərhəmətin harmoniyası olur. Bu nurlu sima Azərbaycan xalqının yaddaşında sadəcə alim, akademik kimi deyil, həm də milli qadın obrazının ən ali xüsusiyyətlərini özündə birləşdirən müdriklik mücəssəməsi kimi həkk olunub.
15 aprel xeyirxahlıqla yoğrulmuş bir ömrün, gözlərə işıq bəxş edən fədakarlığın sükutla yad edildiyi gündür. Onun həyatı bir tərəfdən elmin zirvələrinə gedən çətin və şərəfli yol, digər tərəfdən isə insanlığa xidmət fəlsəfəsinin ən ali ifadəsidir.
Həkim ailəsində, görkəmli dövlət xadimi Əziz Əliyevin ocağında boya-başa çatan Zərifə xanım üçün tibb sənəti peşə seçimi olmaqla yanaşı, həm də genetik missiya idi. Atasından aldığı kübarlıq, zəhmətkeşlik və xalqa bağlılıq prinsipləri onun bütün fəaliyyətinin ana xəttini təşkil etdi. O, tibb elminə gəldiyi ilk illərdən etibarən sübut etdi ki, əsl həkim olmaq üçün yüksək biliklə yanaşı, həm də böyük ürəyə sahib olmaq çox vacibdir.
XX əsrin ortalarında Azərbaycanın ucqar rayonlarında tüğyan edən və minlərlə insanı korluq təhlükəsi ilə üz-üzə qoyan traxoma xəstəliyinə qarşı apardığı mübarizə onun fədakarlığının ən parlaq nümunəsidir. Zərifə xanım laboratoriya rahatlığını deyil, xəstəlik ocaqlarını qarış-qarış gəzməyi, insanlarla birbaşa ünsiyyətdə olmağı seçdi. O, xəstələrin ağrısını öz ağrısı hesab edir, hər şəfa tapan gözün nurunda öz xoşbəxtliyini tapırdı. Traxomanın ləğvi yolunda apardığı intensiv elmi axtarışlar və təklif etdiyi sintomisinlə müalicə metodu nəticəsində Azərbaycan bu müdhiş bəladan xilas oldu. Bu, sadəcə elmi uğur deyildi, bu, bir millətin gələcəyini qaranlıqdan nura çıxarmaq missiyası idi.

Zərifə xanım Əliyeva oftalmologiya elmində ilk akademik qadın kimi tarixə düşərkən, həm də peşə oftalmologiyasının əsasını qoydu. Onun elmi maraqları olduqca geniş və çoxşaxəli idi. Xüsusilə ağır sənaye müəssisələrində, kimya zavodlarında çalışan insanların görmə orqanlarını qorumaq üçün apardığı tədqiqatlar dünya tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının ən nüfuzlu mükafatı olan M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın alim olması onun elmi nüfuzunun beynəlxalq təsdiqi idi. Lakin bütün bu titullar, elmi dərəcələr və ordenlər onun təvazökarlığı qarşısında hər zaman kölgədə qalırdı. Onun üçün ən böyük mükafat sağaltdığı xəstələrin minnətdarlıq dolu baxışı, ən böyük elmi nailiyyət isə insanların sağlamlığı idi.
Zərifə xanım "Yüksək etimad" kitabında həkimin mənəvi simasını elə dərindən təhlil edirdi ki, bu gün də həmin əsər tibb tələbələri üçün etika kodeksi hesab olunur. O, hesab edirdi ki, həkim özünü insanlardan ayırmamalı, laqeydlikdən uzaq olmalıdır. Bu düşüncə tərzi onun həyat fəlsəfəsinin təməli idi.

Onun ömür kitabının ən zərif və möhtəşəm səhifələri isə vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazı ilə bağlıdır. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşı, mənəvi dayağı olan Zərifə xanım bu dahi şəxsiyyətin çiyinlərindəki ağır dövlət yükünü öz sevgisi və müdrikliyi ilə yüngülləşdirirdi.
Heydər Əliyev hər zaman vurğulayırdı ki, onun dövlət işlərindəki uğurlarının arxasında Zərifə xanımın yaratdığı yüksək mənəvi ailə mühiti dayanırdı. O, sadə Azərbaycan qadınının zərifliyini və məğrurluğunu uca tuturdu. Övladları üçün hər zaman ilham mənbəyi olan Zərifə xanım onları Vətənə sədaqət, insanlığa məhəbbət ruhunda böyütdü. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiyada, xeyirxahlıq layihələrində Zərifə xanımın ideyalarının işığını, onun mənəvi irsinin davamını aydın şəkildə görürük.

Zərifə xanım Əliyeva sadəcə 61 il yaşadı, lakin onun qoyub getdiyi nurlu xatirələr zamana qalib gəlib.
Bu gün onun adı Milli Oftalmologiya Mərkəzində, adını daşıyan liseylərdə, küçələrdə və parklarda yaşayır. Lakin ən əsası odur ki, Zərifə xanım insanların qəlbində "Gözlərə nur verən insan" kimi əbədiləşib. Onun iridodiaqnostikadan tutmuş görmə orqanının peşə patologiyasına qədər yazdığı 150-yə yaxın elmi əsər bu gün də tibb elminin yolunu işıqlandırır.
Zərifə xanım Əliyeva zamanın fövqündə dayanan şəxsiyyətlərdəndir. O, sağlığında bir əfsanəyə çevrilmişdi və bu əfsanə illər keçdikcə daha da ucalır. Zərifə Əliyevanın xatirəsi qarşısında baş əymək əslində elmə, mərhəmətə, ailə sədaqətinə və Vətən sevgisinə ehtiram göstərməkdir. Onun ömür yolu hər bir azərbaycanlı üçün kamillik dərsi, insanlığın necə uca bir zirvə ola biləcəyinin canlı sübutudur. Nə qədər ki Azərbaycan elmi var, nə qədər ki gözlərə şəfa verən əllər var, Zərifə xanımın nurlu ruhu da bizimlə olacaqdır. Çünki o, yaşadığı illərlə yox, yaratdığı dəyərləri ilə ölməzliyə qovuşdu.
00:01 15.04.2026
Oxunuş sayı: 52