Sosium

Azərbaycanın turizm xəritəsinə yeni nəfəs

Azərbaycan zəngin tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə son illərdə dünyanın diqqətini cəlb etməyi bacarıb. Qafqazın incisi adlandırılan bu ölkə, həm qədim şəhərləri, həm də müasir turizm infrastrukturu ilə turistlər üçün cazibədar bir məkana çevrilib. Xüsusilə regionların artan turizm potensialı yerli və beynəlxalq turistlər üçün unudulmaz təcrübələr təqdim edir. Bu potensial ölkə daxilində yeni imkanların yaranmasına və turizm sektorunun inkişafına səbəb olur. Turizmin inkişafı, Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda qlobal turizm xəritəsindəki mövqeyini də möhkəmləndirir. Beləliklə, ölkə həm mədəni, həm də iqtisadi cəhətdən beynəlxalq arenada daha möhkəm bir şəkildə özünü nümayiş etdirir.

Turizm üzrə ekspert Rəhman Quliyev Crossmedia.az-a verdiyi açıqlamasında, Azərbaycana səfər edən turistlərin əsasən regionlara xüsusi maraq göstərdiyini vurğulayıb:

“Qar-yağış mövsümündə Şahdağ və Tufandağ xizək kompleksləri, xüsusilə körfəz ölkələrindən, Hindistan və Pakistandan gələn turistlərin əsas seçimlərindən birinə çevrilir. Bu ölkələrdə qar və yağışın az olması səbəbindən isti iqlimlərdən gələn turistlər Azərbaycanın dağlıq bölgələrinə üstünlük verirlər. Avropadan gələn turistlər isə adətən Bakıdakı tarixi abidələri və muzeyləri ziyarət edir, yay mövsümündə isə çimərlik sahələrinə üz tuturlar.”

Ekspert R.Quliyev bildirib ki, son illərdə Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran və Masallı kimi bölgələr turistlərin diqqət mərkəzində olub:

“Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın turizm xəritəsinə yeni destinasiyalar əlavə edir. Bu ərazilərdə, xüsusilə Kəlbəcərdə sanatoriyalar, Laçında otellər, Şuşa, Zəngilan, Xankəndi və Füzulidə geniş turizm komplekslərinin yaradılması planlaşdırılır. Bu layihələr, həm yerli vətəndaşlar üçün yeni iş yerləri və gəlir mənbələri açacaq, həm də əcnəbi turistlərin marağını cəlb edəcək”.

Ekspert son olaraq onu da qeyd edib ki, Azərbaycana gələn turistlərin seçimi regionların relyefinə və mövsümə görə dəyişir. Yay aylarında dağlıq bölgələrdə, qışda isə Bakı və ətraf ərazilərdə turizm daha aktiv şəkildə inkişaf edir. Onun sözlərinə görə, yeni turizm istiqamətlərinin inkişafı isə həm ölkə iqtisadiyyatına, həm də turizm sektorunun gələcək inkişafına mühüm töhfə verəcək.

Aytac Bəhruzqızı

13:01 09.12.2024

Oxunuş sayı: 6351

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR