Populyar mədəniyyət nədir və həyatımıza necə təsir edir?
Bu gün populyar mədəniyyətin cəmiyyət üzərindəki təsiri danılmazdır. Sosial şəbəkələr, televiziya və digər KİV-lər vasitəsilə yayılan bu mədəniyyət forması insanların düşüncə tərzinə, davranışlarına və həyat tərzlərinə güclü şəkildə təsir edir. Ənənəvi dəyərlərin əvəzinə tez-tez trendlər və müasirlik adı altında təqdim edilən populyar ideyalar üstünlük qazanır. Bu isə bəzən milli və mədəni kimliyimizi arxa planda qoyaraq, qlobal standartlara uyğunlaşmağa səbəb olur. Gündəmi formalaşdıran bu gücün mahiyyətini və məqsədini anlamaq isə cəmiyyətlər üçün olduqca vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, əslində, populyar mədəniyyətin nəyi təbliğ etdiyi çox əhəmiyyətlidir, çünki bu gün sosial şəbəkələr, kütləvi informasiya vasitələri — istər saytlar, istər televiziyalar, fərqi yoxdur — nəşr orqanlarının təbliğ etdiyi mövzular və gündəm məsələləri populyarlaşa bilir.
“Lakin populyarlaşmış mədəniyyətin mahiyyəti nədir?”- sualına cavab olaraq isə o bildirib:
“Əsas məsələ budur. O mahiyyət bizə nə dərəcədə təsir edə bilər? Dünya görüşümüzü formalaşdıra bilərmi? Bunlar əslində çox mühüm məsələlərdir. Populyar mədəniyyət bəzən faydalı şeyləri də təqdim edə bilər. Lakin biz bu gün daha çox onun zərərli tərəflərini müşahidə edirik.”
Ekspertin sözlərinə görə, adətən populyar mədəniyyət Avropadan qaynaqlanır və Avropa ölkələrinin həyat tərzinə uyğun mədəniyyət formalarını təqdim edir. Vətəndaş nikahında yaşamaq, qeyri-rəsmi birliklər qurmaq, boşanma hallarının kəskin artması — bunlar hamısı populyar mədəniyyətin təsiri ilə yaranmış vəziyyətlərdir:
"Düşünün ki, dünyanın bütün ölkələrində və həyatın bütün dövrlərində populyarlaşmış mədəniyyətlər müəyyən dərəcədə təsir gücünə malik olub. Təsir mexanizmləri faiz etibarı ilə dəyişib. Amma bu gün sosial şəbəkələrin xüsusi rolu səbəbilə bu təsir əvvəlki dövrlərlə müqayisədə daha geniş yayılıb".
Onun fikrincə, insanlar gördükləri müəyyən çevrənin həyat tərzini populyar mədəniyyət kimi qəbul edir və həyatlarını buna uyğunlaşdırmağa çalışırlar. Trendlər, axınlar, sosial şəbəkə çılğınlıqlarını təsəvvür edin. Məsələn, “Dubay şokoladı” fenomenini düşünün. Bir şokolad növünü mədəniyyət formasına çevirdilər. Dubay şokoladını yeməyənləri avam, geridə qalmış insanlar kimi təqdim etməyə başladılar.
Lalə Mehralı bildirir ki, bu kimi hadisələr göstərir ki, müəyyən çevrələr maliyyələşdirilmiş şəkildə, müxtəlif vasitələrlə oturuşmuş, öz təsdiqini tapmış mədəniyyətlərə təsir etməyə çalışırlar:
"Mühafizəkar düşüncəli, milli dəyərlərə bağlı insanları köhnə fikirli, geri qalmış kimi göstərməyə çalışırlar. Bu gün cəmiyyət bu cür insanlara stiqma ilə yanaşır, onları dəyişməz düşüncələrinə görə tənqid edir. Halbuki, bu insanlar öz milli mədəniyyətlərini qoruyur və ən yaxşı xüsusiyyətləri birləşdirirlər. Sadəcə populyar mədəniyyətə uyğunlaşmadıqları üçün onlara qarşı mənfi münasibət yaranır".
Sonda isə sosioloq bildirib ki, populyar mədəniyyətin nə təklif etdiyi və nəyi ehtiva etdiyi çox vacibdir. Əgər təqdim edilən mədəniyyətin mahiyyəti dəyərlidirsə, ona inteqrasiya gözəldir.
Gültac Mehdizadə
09:48 05.12.2024
Oxunuş sayı: 6680