İqlim dəyişikliyi Azərbaycanın coğrafi mühitinə necə təsir edir? - Açıqlandı
"Əslində iqlim dəyişikliyi qlobal problemdir. İqlim dəyişikliyi problemi artıq bir neçə ildir ki, özünü göstərir. Son on ildə isə bu proses daha qabarıq hala gəlib. Yəni, həm dünyada, həm də bizdə temperatur normadan təxminən iki dərəcəyə qədər artıqdır. Ümumiyyətlə, əvvəllər qəbul olunmuş iqlim normaları ilə müqayisədə temperatur yüksəlib".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında coğrafiya elmləri doktoru, professor, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnsitutunun Geosiyasət və iqtisadi coğrafiya labaratoriyasinin müdiri Nəriman Paşayev deyib.
"Temperatur qalxıbsa, bu, iqlimdə, doğrudan da, böyük dəyişikliklər yaradır. Yağıntı azalır, bəzi yerlərdə temperatur daha da artır, elə yerlər var ki, əksinə, temperatur azalır. Bu, dünya miqyasında baş verən prosesdir və Azərbaycan üçün də xarakterikdir. Azərbaycanın həm düzənlik, həm də dağlıq əraziləri var. Bu iqlim dəyişiklikləri ölkədə ciddi problemlər yaradıb. Azərbaycanda su qıtlığı, quraqlıq yaranır. Quraqlıq yarananda isə təbii olaraq su qıtlığı da ortaya çıxır. Amma bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanda su qıtlığını yalnız iqlimlə bağlamaq düzgün olmaz. Çünki əhali də artıb. Məsələn, əsrin əvvəlində, yəni 1919-cu illərdə Azərbaycanın əhalisi cəmi bir milyon iki yüz min, lap çox olsa iki milyon idi. İndi isə əhali on milyondan çoxdur. Əhali artdıqca tələbat da artır, bu isə aydın məsələdir. Bununla yanaşı, əhali artdıqca kənd təsərrüfatı əkin sahələri də genişlənib. Bu da suya olan tələbatı artırır və su qıtlığının yaranmasına səbəb olur. Amma qlobal baxımdan, sizin verdiyiniz sual da doğrudur: iqlimdə baş verən dəyişikliklər quraqlıq yaradır. Elə yerlər var ki, əksinə, sel hadisələri baş verir, dolu prosesi yaranır. Məsələn, son otuz ildə sel hadisələrinin təkrarlanma sayı xeyli artıb. Əvvəllər Azərbaycanda ildə, tutaq ki, iyirmi dəfə sel hadisəsi baş verirdisə, indi artıq ildə yüz dəfə sel hadisəsi qeydə alınır. Digər tərəfdən isə quraqlıq halları müşahidə olunur. Məsələn, keçən il Azərbaycanda iki ay davam edən tam quraqlıq oldu. Suvarma sistemi olmayan, dəmyə şəraitində olan rayonlarda iki ay quraqlığın nə demək olduğunu təsəvvür etmək çətin deyil. Heç bir suvarma sistemi yox idi və quraqlıq davam etdi. Bu isə kənd təsərrüfatına çox böyük ziyan vurdu. Bu məsələ olduqca strateji əhəmiyyət daşıyır. Təsəvvür edin ki, taxılçılıq, meyvəçilik və digər sahələr birdən-birə su qıtlığı ilə üzləşdi. Digər tərəfdən isə doluvurma halları var. Məsələn, Azərbaycanın qərb rayonları – xüsusilə Gəncə, Daşkəsən, Qazax, Tovuz iqtisadi rayonları, eləcə də işğaldan azad edilmiş Zəngəzur və Qarabağ iqtisadi rayonları, həmçinin Naxçıvanın dağlıq əraziləri doluvurmaya çox həssas bölgələrdir. Doluvurma halları artıb. Vaxtilə, məsələn, Rusiyada bu sahədə müəyyən mübarizə tədbirləri aparılırdı və yeddi mübarizə dəstəsi mövcud idi. İndi isə həmin mübarizə dəstələri ləğv olunub. Təsəvvür edin ki, Gəncə və Daşkəsən ərazilərində ildə səkkiz dəfə güclü doluvurma baş verir. Bu isə kənd təsərrüfatına, xüsusilə də kartofçuluq, meyvəçilik kimi sahələrə böyük ziyan vurur. Kartofçuluqda məhsulun ən azı otuz faizi məhv olur, üzümçülükdə isə bu göstərici əlli, hətta yetmiş faizə çatır".
O bildirib ki, üzüm boyda, hətta dollar böyüklüyündə dolu dənələri düşür: "Görürsən ki, iqlimdə baş verən bu şıltaqlığa qarşı insanlar müəyyən mənada öyrəşməlidirlər. Yəni biz bu problemdən qaça bilməyəcəyik. İqlim dəyişikliyinin dünya üçün yaratdığı fəsadlar Azərbaycan üçün də tam şəkildə keçərlidir. Həm dolu, həm sel, həm də quraqlıq. Elə ərazilər var ki, eyni vaxtda həm sel olur, həm doluvurma baş verir, ya da quraqlıq yaranır. Bunların hamısının müxtəlif təzahür formaları var. Ümumiyyətlə, yağıntının miqdarı da təxminən iki faizə qədər azalır. Bu isə su çatışmazlığı yaradır. Biz Qafqaz regionunda su ilə ən az təmin olunmuş ölkələrdən biriyik. Bizdə su ehtiyatları çox məhduddur. Məsələn, Azərbaycanda cəmi otuz bir kub kilometr su ehtiyatı var ki, onun yalnız on kub kilometri ölkə ərazisində formalaşır. Qalan su ehtiyatları Türkiyədən, Gürcüstandan, Ermənistandan, eləcə də Rusiyadan daxil olur. Ona görə də Azərbaycanda suya çox ehtiyatla yanaşmaq lazımdır. Su elə bir təbii sərvətdir ki, ona son dərəcə diqqətlə yanaşılmalıdır. Vaxtilə torpaq və ərazi uğrunda mübarizə aparılırdı, indi isə dünyada su uğrunda mübarizə aparılacaq. Elə dövlətlər var ki, artıq bu təhlükəni hiss edirlər. Buna görə də suya qənaətlə yanaşmaq, onun çirklənməsinin qarşısını almaq, təkrar istifadəsini təmin etmək lazımdır. Su qida elementləri içərisində ən vacib amillərdən biridir və iqlimdən çox asılıdır. Qlobal iqlim dəyişiklikləri su ehtiyatlarına birbaşa və ciddi təsir göstərir".
https://crossmedia.az/index.php/az/article/69366
16:05 12.02.2026
Oxunuş sayı: 622