Harutyunyanın ömürlük məhkum edilməsi Azərbaycanın ədalətli və güclü dövlət olduğunu göstərdi - RƏY
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının iştirakı ilə davam etdirilən məhkəmə prosesində mühüm mərhələyə keçilmiş, təqsirləndirilən şəxslər barədə hökm elan olunmağa başlanmışdır. Məhkəmənin qərarına əsasən, Qarabağda keçmiş qondarma rejimin rəhbərlərindən biri olmuş Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edək ki, dövlət ittihamını müdafiə edən prokurorlar da çıxışlarında onun ömürlük həbs olunmasını təklif etmişdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır əməllərdə ittiham olunan şəxslərin məhkəmə prosesi hazırda hökmün oxunması mərhələsində davam etdirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının iştirakı ilə davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunması mərhələsi davam edir.

Deputat qeyd edib ki, təqsirləndirilən şəxslər arasında olan Arayik Harutyunyan ağır cinayətlər törədib və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bir sıra cinayətlərin təşkilatçısı olub: “Ən əsası da o, 2020-2023-cü illərdə Qarabağdakı qondarma rejimə rəhbərlik edib. Təbii ki, Harutyunyan Azərbaycan qanunları qarşısında cavab verməli və ən layiqli cəzanı almalı idi. Məhkəmə prosesi Arayik Harutyunyanın sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və terrorçuluq kimi ağır maddələrlə təqsirli bilinməsini təmin edib. Bu, beynəlxalq hüquq normalarının milli qanunvericilik çərçivəsində uğurlu tətbiqi oldu”.
Deputatın sözlərinə görə, Arayik Harutyunyanın ömürlük məhkum edilməsi Azərbaycanın ədalətli və güclü dövlət olduğunu həm ölkə daxilində, həm də beynəlxalq arenada sübut edən mühüm mərhələdir.
Mehriban Yariyeva
10:40 12.02.2026
Oxunuş sayı: 550