Bu oyunlar hər şeyi dəyişdirə bilər- Premyer Liqada 26-cı tur
Bu gecə İngiltərə Premyer Liqasında 26-cı tura start veriləcək.
Crossmedia.az günün oyunlarını təqdim edir.
"Çelsi" evdə seriyasını davam etdirmək, "Lids" isə səfər sindromunu qırmaq istəyir
Son turda “Volves”i 3:1 hesabı ilə məğlub edən London klubu ardıcıl dördüncü qələbəsini qazanıb və ilk “dördlük” uğrunda mübarizəni davam etdirir. Komandanın yeni baş məşqçisi Liam Rozeniorun rəhbərliyi altında "Çelsi" ev oyunlarında uğurlu seriya yaxalayıb.
"Lids" isə son turda birbaşa rəqibi “Nottingem Forest” üzərində 3:1 hesablı qələbə qazanaraq liqada qalmaq yolunda vacib addım atıb. Buna baxmayaraq, Daniel Farkenin yetirmələri səfər oyunlarında çətinlik çəkir. Klub Premyer Liqada son 9 səfər matçında qələbə qazana bilməyib.
"Çelsi" bu mövsüm cəmi iki oyunda qol vura bilməyib və ilk hissələrdə ən çox qapısını toxunulmaz saxlayan komandalardan biridir. "Lids" isə səfər matçlarında son oyunlarda orta hesabla hər görüşdə 3-dən çox qol buraxıb.
İngiltərə Premyer Liqasının bu turunda "Everton" "Bornmut"-u qəbul edəcək. Hər iki komanda oyuna liqada 5 oyunluq məğlubiyyətsiz seriya ilə çıxır.
Baş məşqçi Devid Moyes üçün "Bornmut" xüsusi rəqib sayılır. O, Premyer Liqada bu komandaya qarşı keçirdiyi 10 oyunun 5-də qalib gəlib. Bununla belə, "Everton"un bu mövsüm ev oyunlarındakı qeyri-sabit çıxışı diqqət çəkir.
Cədvəldə 11-ci pillədə qərarlaşan "Bornmut" isə “Aston Villa” ilə oyunda məğlubiyyətdən xilas olaraq seriyasını qoruyub. Andoni İraolanın komandası səfərdə son oyunda “Volves” üzərində 2:0 hesablı qələbə qazanıb.
Statistikaya görə, "Everton"un evdə keçirdiyi oyunların əksəriyyətində ilk hissədə qol qeydə alınıb. "Bornmut" isə həftəiçi keçirilən qarşılaşmalarında son dövrlərdə çətinlik yaşayır və son 8 belə oyunun 7-də qələbə qazana bilməyib.
"Tottenhem" "Nyukasl" qarşılaşması öncəsi hər iki komandada gərginlik pik həddə çatıb. Mövsümün gedişində gözləntiləri doğrultmayan "Londonlular" və “Sağsağanlar” üçün bu oyun artıq adi liqa matçı yox, dönüş nöqtəsi kimi qiymətləndirilir.
"Tottenhem" Premyer Liqada son yeddi oyundur qələbə qazana bilmir. Komanda həftəsonu səfərdə "Mançester Yunayted"ə uduzaraq uğursuz seriyanı daha da uzadıb. Doğma meydanda dekabrın əvvəlindən bəri qələbə üzü görməyən “Spurs”da azarkeşlərin səbr kasası dolmaq üzrədir və baş məşqçi Tomas Frankın üzərindəki təzyiq hər tur daha da artır.
"Nyukasl" isə mövsümdə ilk dəfə ardıcıl üç liqa oyununda məğlub olub. Komandanın əsas problemi səfər görüşlərində üzə çıxır. Eddi Haunun yetirmələri oyunda hesabı açsa belə, üstünlüyü qorumaqda çətinlik çəkir. Baş məşqçi də son məğlubiyyətdən sonra nəticələrə görə məsuliyyəti üzərinə götürdüyünü açıq şəkildə bildirib.
Qeyd edək ki, üç qarşılaşma da Bakı saatı ilə 23:30-da start götürəcək.
Türkanə Muradlı
12:54 10.02.2026
Oxunuş sayı: 559