Sosium

Müasir təhsil sistemi psixoloji məqamları nəzərə almalıdır - AÇIQLAMA

Qiymətləndirmə mövzusu ölkəmizdə inkişaf etdirilməsi vacib olan məsələlərdən biridir. Bu sistemin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını dəyərləndirmək, potensiallarını ortaya çıxarmaqdır. Ancaq hal-hazırda bu sistem şagirdlərin real potensialını tam əks etdirmir, onların motivasiyasına mənfi təsir göstərə bilir.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Crossmedia.az-a açıqlama verib:
“Qiymətləndirmə sistemini birdəfəlik əvəz etmək mümkün deyil. Bu sistemin element və modellərini müəyyən qədər dəyişmək mümkündür, amma qiymətləndirmə mexanizmini tamamilə sıradan çıxarmaq olmaz. İsveçdə şagirdlər 6-cı sinifə qədər qiymətləndirilmir. 6-cı sinifdən sonra qiymətləndirildikdə isə bunu yalnız müəllim və şagird bilir. Bunu onunla əlaqələndirirlər ki, şagirdin zəif nəticə göstərməsi və yoldaşlarının bunu bilməsi onlarda demotivasiya yarada bilər. İsveçin bu mexanizmi çox düşündürücüdür. Çünki onların təhsil sistemi həm bilik və bacarıqların, həm də şagirdlərin psixologiyasının inkişafına yönəlib. Təhsil həm də psixoloji hadisədir. Şəxsiyyətin, bilik və bacarıqların formalaşması ilə yanaşı birbaşa şagirdin psixologiyasına təsir edir”.

Bu cür ciddi təhsil problemi tamamilə kölgədə qalıb-Elmin Nuri

Elmin Nuri qiymətləndirmənin yalnız rəqəmlərlə ifadəsinin şagirdlərin həyatındakı rolundan da danışıb:
“Müasir təhsil sistemi psixoloji məqamları nəzərə alaraq formalaşdırılmalıdır. Kurikulumda nəzərdə tutulan yanaşmalar çox yaxşıdır, amma tətbiq prosesində ciddi problemlər ortaya çıxır. Xüsusilə qiymətləndirmə ilə bağlı dəyişikliklərin yaxın illərdə baş verəcəyini düşünmürəm. Lakin bu mövzuda ətraflı araşdırmalar və təkliflər ortaya qoyulmalıdır.

1952-ci ildə məşhur Fedor Pavlovich Reshetnikovun çəkdiyi bir rəsm əsərini xatırladım. Orada zəif qiymət aldığı üçün üzülən bir oğlan təsvir olunub. Hətta onun qardaşı ona ironiya ilə gülür, amma evdəki it ona sanki dəstək olmaq istəyir. Bu, çox ibrətamiz bir nümunədir. İt onu qiymətinə görə deyil, özü olduğu üçün qəbul edir. Amma insanlar niyə belə etmir? Şagirdlərin həyat bacarıqlarına əsaslanan qiymətləndirmə mexanizmləri tətbiq olunmalıdır. Əks halda, təhsilimiz çox şey itirəcək”.

Bahar Musayeva

12:30 02.12.2024

Oxunuş sayı: 7409

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR