Prezident İlham Əliyevin Davos Forumundakı fikirləri dünya məbuatında işıqlandırılıb
Dünyanın nüfuzlu mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında və "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdəki çıxışından əsas məqamları işıqlandırıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin "Haber Global" televiziya kanalı Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına müsahibəsi barədə reportaj hazırlayıb. Videomaterilada Dövlət başçısının regionda və dünyada baş verən hadisələr barədə söylədiklərinə, xüsusilə Azərbaycanın Cənubi Qafqazda sülh üçün atdığı addımlara, Avropa Parlamentinin Rəsmi Bakıya qarşı qərəzli iddialarına dair fikirlərinə diqqət ayırıblar:
"Biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər", - deyə Azərbaycan lideri bildirib.

"Kazinform" agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvanın çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə keçmək üzrə tarixi qərar qəbul etdikləri barədə sözlərini sitat gətirib. "Nur.kz saytı" Azərbaycan Prezidentinin "Euronews" telekanalına verdiyi müsahibədən sitatlar dərc edib. Müsahibədə dövlətimizin başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. "Inbusiness.kz" və "Ulysmedia.kz" saytı Prezidentin Qazaxıstandan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin artıq aradan qaldırıldığı barədə bəyanatına yer verib.

Türkiyənin "Anadolu", "İhlas" xəbər agentlikləri, Rusiyanın "Kommersant", "Komsomolskaya pravda", "Vedomosti", "Vesti", "Qazeta" qəzet və portalları, "TASS" xəbər agentliyi, ərəbdilli "lebanon24", "Al bayader" portalları"nın məqalələrində Azərbaycan liderinin çıxışlarına istinadən vurğulanıb ki, ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Dövlət başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. "Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"gulfpress.net", "inkl.com", "indexbox.io", "alsaudiapress.com" portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib.




23:12 21.01.2026
Oxunuş sayı: 1646