İki türk ölkəsi hərbi əməkdaşlığı genişləndirir
Özbəkistan və Türkiyə müdafiə nazirləri Ankarada 2026-cı il üçün hərbi əməkdaşlıq planını və hərbi tibb sahəsində sazişləri imzalayıblar. Sənədlər çərçivəsində birgə təlimlər, təcrübə mübadiləsi, texniki əməkdaşlıq və hərbi həkimlərin peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Özbəkistanın müdafiə naziri Şuhrat Xalmuxamedov və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər görüş zamanı həm dar formatda, həm də geniş tərkibdə görüşlər keçiriblər. Görüşlərdə regional təhlükəsizlik, müdafiə sənayesi, hərbi hazırlıq və iki ölkə orduları arasında koordinasiya məsələləri müzakirə edilib.
Hərbi əməkdaşlıq planına qoşun bölmələrinin birgə təlimləri və təcrübə mübadiləsi daxil edilib. Hərbi tibb sahəsindəki sazişlər isə hər iki ölkənin hərbi həkimlərinin peşəkarlıq səviyyəsinin artırılmasını, hərbi xəstəxanaların idarə edilməsi və hərbi-tibb texnologiyalarının öyrənilməsini, təcrübə mübadiləsini və treninqlərin keçirilməsini nəzərdə tutur.
Şuhrat Xalmuxamedov qeyd edib ki, Türkiyənin təcrübəsi Özbəkistan ordusunu modernləşdirməyə və onun potensialını gücləndirməyə kömək edəcək. Yaşar Güler isə vurğulayıb ki, Türkiyə-Özbəkistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Sevinc Yarməmmədova
16:56 21.01.2026
Oxunuş sayı: 1442