Kuba ABŞ-ın ittihamlarına cavab verdi: “Təhlükəsizlik xidmətlərinə görə heç vaxt pul almamışıq”
Kuba xarici işlər naziri Bruno Rodrigez ölkəsinin digər dövlətlərə göstərdiyi təhlükəsizlik xidmətləri müqabilində heç vaxt pul və ya hər hansı maddi kompensasiya almadığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə sosial media platforması X-də paylaşım edib. Onun sözlərinə görə, Kuba ABŞ-dan fərqli olaraq muzdlu fəaliyyətlərə, şantajlara və ya hərbi təzyiqlərə üstünlük verən bir hökumət modelinə malik deyil.
“Hər hansı digər ölkə kimi, Kubanın da yanacaq ixrac etmək istəyən bazarlardan yanacaq idxal etmək və ABŞ-ın birtərəfli məcburi tədbirlərinə tabe olmadan ticarət əlaqələrini inkişaf etdirmək hüququ var”, – deyə Rodrigez bildirib. Qeyd edək ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın Kubaya dair son bəyanatına cavab olaraq verilib. Tramp Havananın Venesueladan əldə etdiyi vəsait və neftdən məhrum ediləcəyini, bu resursların isə Karakasın qorunması üçün istifadə olunduğunu iddia etmişdi.
Kuba Xarici İşlər Nazirliyi isə bu iddiaları əsassız hesab edir və ölkənin beynəlxalq hüquqa uyğun şəkildə ticarət və enerji siyasəti yürütmək hüququnu vurğulayır.
23:02 11.01.2026
Oxunuş sayı: 1297