Texniki nasazlıq, mexanizmin iş prinsipi, yoxsa sadəcə pul silinməsi? - BirBankla bağlı iddialar
Son dövrlərdə Azərbaycanda nağdsız ödəniş sistemlərinin sürətlə genişlənməsi fonunda ictimai nəqliyyatda, xüsusilə də Bakı Metropolitenində bank kartları ilə ödəniş mexanizmi cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu texnoloji yenilik sərnişinlər üçün rahatlıq, sürət və alternativ seçim imkanı yaratsa da, paralel olaraq müəyyən narahatlıqların və mübahisəli iddiaların meydana çıxmasına da səbəb olub. Xüsusilə sosial şəbəkələrdə və bəzi onlayn platformalarda Kapital Bankın kartları ilə metroda ödəniş zamanı əsas gediş haqqından artıq vəsaitin silinməsi ilə bağlı yayılan iddialar geniş ictimai rezonans doğurub.
Sözügedən iddialar əsasən istifadəçilərin şəxsi müşahidələrinə və bank hesab çıxarışlarında gördükləri məbləğ fərqlərinə əsaslanır. Bu fərqlər isə bəzən “əlavə pul tutulması”, “ikiqat silinmə” və ya “əsassız ödəniş” kimi təqdim olunur. Məhz bu cür iddiaların emosional və kontekstdən kənar şəkildə yayılması, məsələnin texniki və institusional tərəfləri araşdırılmadan ümumiləşdirilməsi ictimai rəyin formalaşmasında ciddi çaşqınlıq yaradır.
Bu baxımdan, Kapital Bank kartları ilə metro ödənişləri zamanı “əlavə pul silinməsi” iddialarına yalnız şikayət prizmasından deyil, texnoloji, hüquqi və institusional çərçivədə, obyektiv və çoxşaxəli yanaşmaq zəruridir. Məsələnin mahiyyətinin düzgün anlaşılması üçün həm ödəniş sisteminin işləmə prinsiplərinin, həm bank prosedurlarının, həm də ictimai nəqliyyatda tətbiq olunan rəqəmsal mexanizmlərin diqqətlə araşdırılması vacibdir.
Məsələ ilə bağlı Kapital Bankın mətbuat xidmətindən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqının çıxılması hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Bankı xidməti, həmçinin bu haqda sualı olan vətəndaşlarımızın və media nümayəndələrinin BakıKarta müraciət etmələrini xahiş edib.
Məsələ ilə bağlı “Bakıkart” müştəri xidmətlərinin baş mütəxəssisi Mehriban Əhmədova isə sorğumuza cavab olaraq tətbiq etdikləri ödəniş sisteminin həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə etdiyini bildirib: "Bir dəfəlik keçid funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər; balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir".
Qurum rəsmisi, həmçinin gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verdiyini bildirib: "Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır. Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, BakıKart-a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər".
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov isə bu məsələnin texniki problemlərdən qaynaqlandığını bildirib: "Belə ki, proqram təminatında müəyyən nasazlıq yarana və təmassız ödəniş zamanı istifadəçi tərəfindən verilən əməliyyat tapşırığı düzgün şəkildə icra olunmaya bilər. Eyni zamanda problemin Bakı Metropoliteninə aid texniki infrastrukturla bağlı olması ehtimalı da istisna edilmir. Belə hallarda validator və ya digər ödəniş avadanlıqları təmassız mənbələrdən məlumat qəbul edərkən təkrar oxuma və ya əməliyyatın səhv qeydə alınması kimi texniki uyğunsuzluqlara yol verə bilər. Bu isə nəticə etibarilə istifadəçi tərəfindən əlavə vəsait tutulması təəssüratı yarada bilər. Qeyd etmək lazımdır ki, sözügedən ehtimallar texniki xarakter daşıyır və konkret səbəblər yalnız müvafiq qurumların apardığı araşdırmalar nəticəsində dəqiqləşdirilə bilər".
15:08 05.01.2026
Oxunuş sayı: 3214