Gələn il müharibələr artacaq, qızıl və gümüş bahalaşacaq - Sensasion proqnoz
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Son illərdə qlobal iqtisadi sistem dərin və çoxşaxəli çətinliklərlə üzləşib. Geosiyasi gərginliyin artması, müharibələrin geniş ərazilərə yayılması, milli hərbi xərclərin sürətli artımı və maliyyə bazarlarında artan qeyri-müəyyənlik qlobal iqtisadiyyatı daha həssas və kövrək hala gətirib. Bu fonda ənənəvi maliyyə alətlərinə inamın azalması və investorların və hökumətlərin daha təhlükəsiz aktivlərə doğru meyli qlobal bir tendensiyaya çevrilib.
Xüsusilə qiymətli metallar bazarında müşahidə olunan kəskin canlanma bu tendensiyanın bariz göstəricisidir. Qızıl və gümüş təkcə investisiya alətləri kimi deyil, həm də maliyyə sabitliyinin və risklərdən qorunmanın simvolu kimi getdikcə daha çox diqqət çəkir. Qlobal bazarlarda bu metalların qiymətlərinin sürətlə artması təkcə spekulyativ amillərlə bağlı deyil; fundamental iqtisadi problemlər, istehsal və təchizat zəncirlərindəki fasilələr və qlobal pul siyasətindəki ziddiyyətlər də həlledici rol oynayır.
Eyni zamanda, beynəlxalq maliyyə sistemində valyutalara və suveren borc alətlərinə dəyişən yanaşma da diqqətəlayiqdir. Mərkəzi bankların ehtiyat strategiyalarını yenidən nəzərdən keçirməsi və risklərin diversifikasiyası üçün real aktivlərə üstünlük verməsi maliyyə təhlükəsizliyinin prioritetə çevrildiyini göstərir. Bu proseslər qlobal inflyasiya təzyiqləri, sosial xərclərin azaldılması və alıcılıq qabiliyyətinin zəifləməsi ilə yanaşı baş verir. Belə mürəkkəb və dəyişkən beynəlxalq mühitdə ayrı-ayrı ölkələrin iqtisadi sabitliyi, maliyyə ehtiyatlarının səviyyəsi və strateji planlaşdırma imkanları çox vacibdir. Qlobal risklər artdıqca, milli iqtisadiyyatların bu dalğalara necə reaksiya verməsinə, özlərini qorumaq üçün hansı mexanizmlərdən istifadə etmələrinə və hansı uzunmüddətli strategiyaları həyata keçirmələrinə xüsusi diqqət yetirilir.
Bununla bağlı saytımızda oktyabr ayında geniş müsahibə olmuş və ilk proqnozlar verilmişdir. Həmin müsahibə ilə "Dünya iqtisadiyyatı və Azərbaycan" rublikasının arxiv yazıları bölməsindən tanış ola bilərsiz.

Baş verən son proseslərlə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Öncəliklə qeyd etmək istəyirəm ki, təxminən iki aydan bir qədər artıq vaxt bundan öncə biz qızıl və gümüş bazarları ilə bağlı geniş açıqlama vermişdik. Həmin vaxt da qeyd olunmuşdu ki, qızılın qiyməti artıq 4 350 ABŞ dollarına çatıb (Troya unsiyası üzrə) və bu qiymət artım tendensiyası sürətlə davam edəcək. Çox güman ki, 2026-cı ildə bu, əksər ekspertlərin və analitiklərin ortaq rəyidir qızılın qiyməti 5 000 dolları da keçəcək. Bu günkü qiymətlərə baxdıqda görürük ki, artıq qızılın bir unsiyasının qiyməti 4 500 dollar həddini də ötüb. Eyni zamanda gümüşün qiyməti də 80 dolları keçib. Bu nə deməkdir? Səbəblər barədə dəfələrlə danışmışıq. Əsas səbəblərdən biri dünya iqtisadiyyatının, xüsusilə də qlobal maliyyə sisteminin tədricən böhran mərhələsinə daxil olmasıdır. Digər mühüm səbəb isə dünyada gedən müharibələrdir. Müharibələrin iqtisadi və maliyyə fəsadları bəşəriyyət üçün son dərəcə ağırdır. Bu, birbaşa insanların maddi vəziyyətinə təsir göstərir. Son iki-üç ildə aparıcı ölkələr məcburiyyət qarşısında hərbi xərclərini orta hesabla iki, hətta bəzi hallarda iki yarım dəfə artırıblar. Avropada ÜDM-in 1 faizi səviyyəsində olan hərbi xərclər artıq 3–3,5 faizə çatıb və ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə bu göstəricinin 5 faizə qədər qaldırılması planlaşdırılır. Burada mənbə birdir- büdcə vəsaitlərinin sosial xərclərdən hərbi xərclərə yönəldilməsi. Bu isə birbaşa insanların alıcılıq qabiliyyətinə təsir edir. İnflyasiya artır və artıq inflyasiyanı cilovlamaq bütün dünyada çətinləşib. Əgər dünyanın aparıcı 7–20 ölkəsi bu prosesi nəzarət altına ala bilmirsə, təsəvvür edin ki, qalan 180 ölkə üçün vəziyyət nə qədər ağırdır".
O bildirib ki, bu gün dünyada təxminən 25 ölkədə ya real müharibə gedir, ya da münaqişələr alovlanır, sönür və yenidən başlayır: "Açıq demək lazımdır ki, 2026-cı ildə bu müharibələrin böyük hissəsinin tam söndürüləcəyinə inam zəifdir. Hətta pessimist görünmək istəməsəm də, müharibələrin sayının artması ehtimalı da istisna deyil. Müharibələrin fiziki təsiri də olduqca ağırdır: torpaqlar məhv edilir, kənd təsərrüfatı sıradan çıxır, dinc əhali məcburi köçkünə çevrilir. Bu isə qida istehsalına birbaşa zərbə vurur. Nəticədə qida məhsullarının qiymətləri qlobal miqyasda davamlı şəkildə artır. Ayrı-ayrı məhsullar üzrə illik artım 1–1,5 faiz ola bilər, lakin geniş istehlak səbətinə baxdıqda bu rəqəmlərin xeyli yüksək olduğunu görürük. Məsələn, Avropada son 4 ildə qida məhsullarının qiyməti rəsmi olaraq 30 faizdən çox artıb. Qızıl və gümüş məsələsinə qayıdaq. Qızıl artıq təhlükəsiz liman kimi çıxış edir. Gümüş isə həm investisiya aləti, həm də sənaye metaldır. Elektronika, elektromobil, enerji və istehsal sahələrində gümüşdən geniş istifadə olunur. ABŞ milyrderi Elon Maskın son çıxışları da bunu təsdiqləyir: istehsal üçün gümüşün çatışmazlığı ciddi problemə çevrilir. Təbiidir ki, istehlak bazarında qızılın, gümüşün, hətta platiniumunda qiymətində artım olacaq. Əhali artıq bunu nəzərə almalı və belə ssenariyə hazır olmalıdır. Hətta deyərdim ki, bu artım dünya maliyyə sisteminə və bazarına da təsir edəcək. Bu, qaçınılmazdır. Maraqlı tendensiya formalaşıb: qiymətlər artdıqca gümüşə olan tələb daha da yüksəlir. "Futures" kontraktları mövcud olsa da, investorlar və istehsalçılar fiziki gümüşü dərhal almağa üstünlük verirlər. Bu isə “bekvardasiya” adlanan prosesin güclənməsinə səbəb olur və qiymətlərin daha da sürətlə artmasına gətirib çıxarır. Son 60 ildə qiymətli metalların bu templə bahalaşması müşahidə olunmayıb. Bu proseslər onu göstərir ki, dünya maliyyə sisteminə inam zəifləyir. Dövlətlər də bu tendensiyada iştirak edir. ABŞ istisna olmaqla bir çox ölkə – Çin, Yaponiya və Avropa ölkələri ABŞ istiqrazlarını sataraq qızıl, gümüş və platin ehtiyatlarını artırırlar. ABŞ-nin ümumi borcunun 38 trilyon dolları keçməsi mərkəzi bankların dollara olan etimadını zəiflədir. Həmin borcların faizləri ödəməsi isə artıq ilə 1 trilyon dollara çatıb. Bütün bunlar maliyyə böhranına doğru meyillərin artdığını göstərir. Bu böhran sabah və ya bir il sonra baş verməyə bilər, amma trend aydındır – risklər ilbəil, hətta aybaay artır".

Professor, həmçinin bu proseslərin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməsinin mümkün olmadığını bildirib: "Lakin dövlət qabaqlayıcı addımlar atır. İqtisadiyyatın diversifikasiyası, nəqliyyat-logistika mərkəzinə çevrilmə, enerji və qaz tranziti, Orta Dəhliz və gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ölkəmizin valyuta mənbələrini artıracaq. Eyni zamanda iki mühüm faktı xüsusi vurğulamaq istəyirəm. Birincisi, Azərbaycanın qızıl və valyuta ehtiyatları ölkənin ÜDM-i ilə müqayisə edilə biləcək səviyyədədir və buda çox gözəl bir nəticədir. İkincisi, dövlət borcu ÜDM-in 20 faizindən aşağıdır. Bu, Azərbaycanın güclü maliyyə “yastığına” malik olduğunu və qlobal şoklara qarşı hazır olduğunu göstərir. Məhz bu ehtiyatlar hesabına dünyadan gələn risklərin təsiri minimuma endirilə bilər".
Elmir Heydərli
12:28 30.12.2025
Oxunuş sayı: 4854