Prezidentin xalqla daim bir yerdə olması cəmiyyətə ruh verir və hər birimizi qürurlandırır - Deputat
Bu gün müasir Azərbaycan tarixində mühüm yer tutan, xalqımızın taleyi və dövlətimizin gələcəyi ilə sıx bağlı olan əlamətdar bir gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, ölkəmizin inkişaf strategiyasının müəllifi cənab İlham Əliyevin doğum gününü qeyd edirik.
Bu əlamətdar tarix yalnız bir şəxsiyyətin ömür yoluna nəzər salmaq deyil, eyni zamanda müstəqil Azərbaycanın keçdiyi şərəfli inkişaf yolunu, əldə etdiyi möhtəşəm nailiyyətləri və qazandığı tarixi Qələbəni dəyərləndirmək üçün mühüm fürsətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, müstəqil, qalib və nüfuzlu dövlətə çevrilmiş, xalq–dövlət birliyi ən yüksək mərhələyə yüksəlmişdir. Məhz belə bir gündə dövlət başçımızın həyata keçirdiyi uzaqgörən siyasətə, ölkəmizin qazandığı uğurlara və xalqımızın rifahı naminə atılan qətiyyətli addımlara nəzər salmaq xüsusi əhəmiyyət kəsb edir.

Əlamətdar gün ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Dünya tarixində lideri olmayan xalqların yaşadıqları faciəli günlərin çoxsaylı nümunələrinə şahidlik edirik. XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan da oxşar taleyüklü və çətin bir dövrdən keçməli oldu. Xalqımızın xoşbəxtliyi ondadır ki, belə mürəkkəb tarixi mərhələdə qətiyyətli qərarları və xilaskarlıq missiyası ilə ölkəni böhrandan çıxaran Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib oldu.
Ümummilli Lider Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi özündən sonra müstəqil Azərbaycan dövlətinin taleyini etibar edə biləcəyi, onu qoruyub inkişaf etdirə bilən və xalqını qalib edən Lider — Prezident İlham Əliyevi Azərbaycan xalqına bəxş etdi. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi möhkəm təməllər üzərində müasir, güclü və qalib Azərbaycan dövlətini qurmuşdur.
Hazırda Azərbaycan elə bir güclü və nüfuzlu dövlətə çevrilmişdir ki, dünyanın aparıcı gücləri olan ABŞ və Çin ilə strateji tərəfdaşlıq münasibətləri formalaşdırmışdır. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində bir vaxtlar mümkünsüz görünən hədəflər reallığa çevrilmişdir. Məhz dövlət başçımızın rəhbərliyi altında Azərbaycan son 23 ildə böyük inkişaf yolu keçərək yeni və şanlı bir tarix yazmışdır. Bu tarix Azərbaycanın öz gücü hesabına suveren ərazilərində 30 illik erməni işğalına son qoyması və tarixi Qələbəni bütün dünyaya qəbul etdirməsi ilə yadda qalmışdır".
Deputat həmçinin dövlət başçımızın həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını qeyd edib: "Son 23 ildə ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü sosial siyasət hər bir vətəndaşın rifahının yaxşılaşmasına xidmət etmişdir. Bu gün dövlət büdcəsi xərclərinin 41 faizinin sosialyönümlü olması Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Yüksək humanizm prinsiplərinə əsaslanan bu siyasət cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə 7060 nəfəri əhatə edən 39 əfv sərəncamı, on minlərlə insanı əhatə edən 5 amnistiya aktı imzalanmışdır. 19 dekabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində müzakirəyə çıxarılan 6-cı Amnistiya Aktı isə 20 min nəfəri əhatə etməklə minlərlə ailənin sevincinə səbəb olmuşdur.
Dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı dünyanın qovuşduğu strateji məkana çevirmişdir. Ərazimizdən keçən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizə Qlobal Şimalla Qlobal Cənub arasında mühüm körpü rolunu qazandırmışdır. Prezident İlham Əliyev dünyanın diqqətini Zəngəzur dəhlizinə yönəltməyə nail olmuşdur. Bu strateji layihə Cənubi Qafqazı qlobal əməkdaşlıq və sülh regionuna çevirmək potensialına malikdir.
Son 5 ildə, müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, bu günə qədər 15-dən çox yaşayış məntəqəsinə 20 mindən artıq keçmiş məcburi köçkünün qayıdışı təmin edilmişdir. Qarabağ Universitetinin açılması və burada 2 mindən çox tələbənin təhsil alması azad edilmiş torpaqlara elmin və təhsilin qayıdışının bariz nümunəsidir.
Dövlət başçımız 2020-ci ilə qədər həyatının əlamətdar günlərini qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış məntəqələrinin açılışlarında, sosial müdafiəyə ehtiyacı olan insanların yanında olmaqla qeyd edirdi. Son 5 ildə isə bu əlamətdar günləri işğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərlə onların doğma yurdlarında görüşməklə, yeni müəssisələrin açılışı və təməlqoyma mərasimləri ilə qeyd edir. Bu, Prezident İlham Əliyevin öz xalqına, vətəninə və torpağına olan dərin sevgisinin təzahürüdür.
23 dekabr tarixində dövlət başçımız 34 ildən sonra Kərkicahana qayıdan keçmiş məcburi köçkünlərlə görüşmüş, onlara səmimi arzularını çatdırmışdır. Prezidentin xalqla daim bir yerdə olması cəmiyyətə ruh verir və hər birimizi qürurlandırır. Cənab İlham Əliyev özünü hər bir vətəndaşın Prezidenti kimi təsdiq etmişdir. Xalqımız dövlət başçımızın siyasətini dəstəkləyir və onun ətrafında sıx birləşmişdir.
Sonda 24 dekabr — doğum günü münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və yorulmaz fəaliyyətində yeni uğurlar arzulayıram".
13:45 24.12.2025
Oxunuş sayı: 12509