Qərbi Azərbaycanın elmi irsinin araşdırılması milli kimliyin qorunması baxımından vacibdir – Deputat
Qərbi Azərbaycanın tarixi, mədəni və elmi irsinin sistemli şəkildə araşdırılması və gələcək nəsillərə ötürülməsi müasir dövrdə mühüm strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan elmi fəaliyyətlər təkcə tarixi yaddaşın qorunmasına deyil, eyni zamanda milli kimliyin möhkəmləndirilməsinə xidmət edir. Məhz bu məqsədlə Bakı Dövlət Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Qərbi Azərbaycanla bağlı elmi tədqiqatların aparılmasını, maddi və qeyri-maddi mədəni irsin öyrənilməsini və bu irsin toplular, kitablar, eləcə də dərs vəsaitləri şəklində nəşrini prioritet istiqamət kimi müəyyənləşdirib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Bakı Dövlət Universitetində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin yaradılması olduqca önəmli və təqdirəlayiq addımdır.
Deputat qeyd edib ki, qayıdış konsepsiyası çərçivəsində mərkəzdə genişmiqyaslı tədbir keçirilib: "Bu günlərdə orada çox əhəmiyyətli bir tədbir təşkil olundu. Tədbir zamanı həm Qərbi Azərbaycanın mədəni irsinə, həm də Qərbi Azərbaycanla bağlı yazılmış kitabların təqdimatı baş tutdu. Eyni zamanda sərgi keçirildi, əl işləri nümayiş etdirildi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti diqqət mərkəzinə çəkildi”.
T. Rüstəmxanlı vurğulayıb ki, mərkəzin elmi əsaslarla araşdırmalar aparması və dərs vəsaitlərinin hazırlanması gələcək nəsillər üçün xüsusi əhəmiyyət kəsb edir: “Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi, bu biliklərin dərslik vəsaitləri şəklində hazırlanaraq istifadəyə verilməsi son dərəcə vacib məsələdir. Bu, gələcək nəsillərin tarixi həqiqətləri doğru mənbələrdən öyrənməsi baxımından mühüm rol oynayacaq”.
Parlamentari hesab edir ki, bu yanaşma yalnız Qərbi Azərbaycanla məhdudlaşmamalıdır:"Düşünürəm ki, eyni yanaşma Borçalı tarixinin, eləcə də Gürcüstan ərazisində yaşayan azərbaycanlıların tarixi və mədəni irsinin araşdırılmasına da tətbiq olunmalıdır. Bunların hamısı xalqımızın tarixi və mədəniyyətinin ayrılmaz hissəsidir. Deportasiyalar zamanı bir çox tarixi izlərin məqsədli şəkildə məhv edilməsi faktları mövcuddur. Oradan köçməyə məcbur edilərkən məscidlərimiz, dini abidələrimiz, qəbir daşlarımız dağıdılıb. Bütün bunların araşdırılması, kitablaşdırılması və dərsliklərə salınaraq gələcək nəsillərə çatdırılması olduqca önəmlidir”.
Müsahibimiz bildirib ki, bu məsələ millətin gələcəyi ilə birbaşa bağlıdır: “Hesab edirəm ki, mərkəz çox uğurlu fəaliyyət göstərəcək, lakin bu işin miqyası genişləndirilməlidir. Bu, təkcə bir universitetlə məhdudlaşmamalı, bütün ali təhsil müəssisələrini əhatə etməlidir. Təhsil Nazirliyi tərəfindən bu mövzunun Azərbaycan təhsilinə və məktəb dərsliklərinə daxil edilməsi olduqca vacibdir. Bu, milli məsələdir və tariximizin silinməsinə yönələn cəhdlərə qarşı qəti mövqe ortaya qoyulmalıdır. Tariximizi unutdurmaq istəyənlərin qarşısında dayanmaq lazımdır. Heç olmasa, bu mövzular dərsliklərdə öz əksini tapmalı, kitablaşdırılmalıdır. Bu, həm bu günümüz, həm də gələcək nəsillərimiz üçün son dərəcə önəmli məsələdir”.
Mehriban Yariyeva
10:25 24.12.2025
Oxunuş sayı: 4577