GUAM-ın Baş katibi İlham Əliyevi təbrik edib
GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram.
Eyni zamanda Azərbaycanın inkişafında, regional və beynəlxalq mövqeyinin, rolunun artırılmasında əldə etdiyiniz mühüm nailiyyətlər münasibətilə də Sizi təbrik edirəm. Azərbaycan Respublikası davamlı şəkildə inkişaf edərək güclü, müasir bir ölkəyə, regional və qlobal məsələlərdə getdikcə daha təsirli aktora çevrilib.
Vətən müharibəsində qazanılan şanlı Qələbədən və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ədalətli və davamlı sülhün bərqərar olması, regionda inklüziv əməkdaşlığın inkişafı üçün göstərdiyiniz səylərdə Sizə uğurlar arzulayırıq.
Azad edilmiş torpaqların bərpası, yenidən qurulması və ölkənin iqtisadiyyatına inteqrasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsində əldə edilən irəliləyişlərə heyranıq.
Çox mürəkkəb və çətin xarici mühitdə liderliyinizi və beynəlxalq məsələlərdə prinsipial, ardıcıl mövqeyinizi yüksək qiymətləndiririk.
Cənab Prezident, regional təşkilat olaraq, müxtəlif layihələr həyata keçirməklə sülhün, sabitliyin və həmrəyliyin təşviqi üçün təşəbbüslərinizi dəstəkləməyə hazırıq. Həmçinin GUAM-ın üzv dövlətləri arasında bölüşmək üçün Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıyıq. Biz Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndiririk və bunun GUAM çərçivəsində daha da artırılmasını səbirsizliklə gözləyirik.
Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Güclü, müasir, demokratik Azərbaycanın daha da inkişafı ilə bağlı bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün Sizə möhkəm cansağlığı və tükənməz enerji arzulayıram".
18:50 23.12.2025
Oxunuş sayı: 1142