Şəhərsalma urbanizasiyanın miqyasına, keyfiyyətinə və nəticələrinə birbaşa təsir edən əsas mexanizmdir - Deputat
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasında urbanizasiya siyasətinin və memarlıq irsinin xüsusi yer tutduğunu göstərir. Bu sərəncam müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı inkişafın təmin olunması, tarixi-memarlıq irsinin qorunması və yeni estetik yanaşmaların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda sənəd Azərbaycanın sürətlə yenilənən simasının planlı, sistemli və milli kimliyə söykənən şəkildə formalaşdırılmasına yönəlmiş dövlət iradəsinin ifadəsidir. Bu kontekstdə “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi təkcə simvolik addım deyil, həm də şəhər mühitinin keyfiyyətcə yeni mərhələyə keçidini hədəfləyən strateji qərar kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib: "Şəhərsalma və memarlıq dövlətlər üçün uzunmüddətli inkişafı formalaşdıran strateji vasitədir. Müasir və funksional şəhərlər dövlətin inkişaf səviyyəsini nümayiş etdirir. Memarlıq və şəhər mühiti ölkənin beynəlxalq imicini və “yumşaq gücünü” gücləndirir.
Şəhərsalma təhlükəsizlik, həmçinin iqtisadi inkişaf və investisiya cəlbi baxımından vacibdir. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib. Şəhərsalma urbanizasiyanın miqyasına, keyfiyyətinə və nəticələrinə birbaşa təsir edən əsas mexanizmdir.
Gələn il həm də ölkəmiz BMT-nin ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edəcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın yanaşmasının təqdimatı olacaq".
Deputat əlavə edib ki, bu xüsusda 2026-cı ilin Şəhərsalma və Memarlıq ili elan olunması təsadüfi deyil:
"Yeri gəlmişkən, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni şəhərsalma nümunəsi təqdim edir.
Şəhərsalma həm də sosial sabitlik və ictimai rifah baxımından vacib əhəmiyyət kəsb edir. Belə ki, azad olunmuş ərazilərdə müasir şəhərsalma sosial bərabərliyi gücləndirir. Keyfiyyətli şəhər mühiti vətəndaşların dövlətə olan etimadını artırır.
Davamlı inkişaf və ekoloji strategiya, yaşıl və “ağıllı” şəhərsalma dövlətin uzunmüddətli dayanıqlıq strategiyasının əsas hissəsidir".
Ayhan
10:00 24.12.2025
Oxunuş sayı: 3781