Prezident İlham Əliyev müasir çağırışlarla uzlaşan idarəetmə modeli formalaşdırıb - RƏY
Sabah, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. İlham Əliyev 2003-cü ildən etibarən ölkəyə rəhbərlik edir və bu dövrdə Azərbaycanın siyasi sabitliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, müstəqil və balanslaşdırılmış xarici siyasətin formalaşdırılması onun fəaliyyətinin əsas istiqamətləri olub.
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində həlledici rol oynayıb. Onun qətiyyətli siyasi iradəsi və strateji baxışı ölkənin həm regional güc kimi mövqeyini gücləndirib, həm də uzunmüddətli sabitliyi təmin edib. Bu siyasət Azərbaycanın milli maraqlarının ardıcıl və prinsipial şəkildə qorunmasına xidmət edir.
Milli Məclisin deputatı Zaur Şükürov Crossmedia.az-a bildirib.
Deputat qeyd edibki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və strateji siyasət Azərbaycanın siyasi sabitliyini möhkəmləndirib, iqtisadi və hərbi gücünü artırıb, ölkəmizi regionun aparıcı və etibarlı dövlətinə çevirib. Bu idarəçilik modeli milli maraqlara söykənən dayanıqlı inkişaf və güclü dövlətçilik üçün möhkəm təməl formalaşdırır.
"Prezident İlham Əliyevin mükəmməl idarəçilik modeli - strateji Liderlik və ölkənin hərtərəfli gələcək inkişafı üçün etibarlı təməl
Azərbaycan Respublikasının müasir inkişaf yolu bir neçə əsas prinsip - siyasi ardıcıllıq, uzunmüddətli strateji planlaşdırma, milli maraqların qorunması, davamlı dövlətçilik siyasəti və müstəqil, prinsipial xarici siyasət kursu üzərində qurulmuşdur. Ölkəmizin iqtisadi, sosial və hərbi sahələrdə əldə etdiyi uğurları, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi məhz bu prinsiplərin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasi kurs, idarəetmə modeli və strateji təşəbbüslər Azərbaycanın sürətli və dayanıqlı inkişafını təmin etmişdir. Bu inkişafın möhkəm təməli isə Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq, daxili sabitliyi təmin etmək və güclü dövlət institutları yaratmaqla müasir dövlətçiliyimizin əsasını qoymuşdur. Ulu Öndərin layiqli davamçısı, 2003-cü ildə və sonrakı dövrlərdə ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın yekdil dəstəyini qazanan Prezident İlham Əliyev bu təməl üzərində müasir çağırışlarla uzlaşan idarəetmə modeli formalaşdıraraq, Azərbaycanda siyasi sabitliyə, iqtisadi inkişafa nail olmuş və ölkəmizin beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmışdır. Dövlətin bu strateji planlaşdırma və idarəetmə modeli gələcək nəsillər üçün davamlı və dayanıqlı dövlətçilik ənənəsinin qorunub saxlanılmasında xüsusi önəm kəsb edir.
Prezident İlham Əliyevin misilsiz liderliyi, şəhidlərimizin, qazilərimizin, Azərbaycan Silahlı qüvvələrinin şücaəti, yenilməz iradəsi, xalq və dövlətin sarsılmaz birliyi sayəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra, 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri - Zəfər seçkisi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində baş tutmuşdur. Həmin seçkilərdə cənab İlham Əliyevin seçki platformasında qarşıya qoyulmuş hədəflər: hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, milli maraqlara söykənən müstəqil xarici siyasət, milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ və müasir təhsil, qabaqcıl səhiyyə, müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi prinsiplər ölkə başçısının Azərbaycanın dayanıqlı inkişafı naminə strateji məqsədlərini bir daha nümayiş etdirir. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. Prezident İlham Əliyev Azərbaycan dövlət idarəçiliyi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi fəaliyyət nümunəsi gətirdi.Prezident İlham Əliyevin iqtisadi siyasəti dayanıqlı inkişaf və şaxələndirmə prinsipləri üzərində qurulmuşdur. Enerji sahəsinin imkanlarından səmərəli istifadə ilə yanaşı, qeyri-neft sektorunun inkişafı strateji prioritetlərdən biri olaraq müəyyənləşdirilmişdir. İqtisadiyyatda qeyri-neft sektorundan asılılığın ilbəil azaldılması da məhz bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirmiş və uzunmüddətli perspektivdə sabit iqtisadi inkişaf modelinin bərqərar olmasına imkan vermişdir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir.”
İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer almış beş Milli Prioritet - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi planlanlarının reallaşdırılması Azərbaycanın gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edən hədəflərdir.
Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən praqmatik, müstəqil və prinsipial xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev tərəfindən irəli sürülən sülh gündəliyi, normallaşma prosesi ilə bağlı ölkəmiz tərəfindən atılan addımlar son nəticədə 8 avqust tarixdə ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ prezidentinin dəstəyi və şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, ATƏT-in fəaliyyətsiz Minsk Qrupunun ləğv olunması ilə nəticələndi və ümumilikdə regionumuzda sülh və sabitliyinin, inklüziv inkişafın təmin olunması üçün əlverişli şərait yaratdı.
İnanırıq ki, Prezident cənab İlham Əliyevin ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına hesablanmış son dərəcə uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın gələcək inkişafı və beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində nüfuzunun daha da artmasına imkan verəcəkdir.
Fürsətdən istifadə edərək, Prezident cənab İlham Əliyevi təmsil etdiyim 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin seçiciləri və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Möhtərəm Prezidentimizə möhkəm can sağlığı, doğma Azərbaycanımıza hədsiz sevgi ilə dolu yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayıram".
Ülvi Zahidov
14:17 23.12.2025
Oxunuş sayı: 1243