Prezident İlham Əliyev müstəqil Azərbaycanın memarıdır - RƏY
Müasir Azərbaycan tarixində Prezident İlham Əliyevin adı ölkənin siyasi, iqtisadi və diplomatik inkişaf mərhələləri ilə sıx şəkildə bağlıdır. Uzunmüddətli prezidentlik fəaliyyəti dövründə həyata keçirilən islahatlar, daxili sabitliyin qorunması, suverenliyin möhkəmləndirilməsi və balanslı xarici siyasət kursu onun idarəçilik modelinin əsas cizgilərini təşkil edir. Bu kontekstdə Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətinin necə qiymətləndirilməsi aktual sual olaraq qalır. Qarşıdan dövlət başçısının doğum gününün gəlməsi isə bu fəaliyyətə bir daha nəzər salmaq, görülən işləri ümumiləşdirmək və siyasi lider kimi rolunu dəyərləndirmək üçün əlamətdar fürsət yaradır.

Dövlət başçısının müstəqil Azərbaycan siyasətindəki rolu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:
"Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirən möhtərəm Prezident İlham Əliyev ölkəmizi regional gücdən qlobal miqyasda söz sahibi olan bir dövlətə çevirmişdir. 2003-cü ildən başlayan bu yol, xalqın Liderinə olan sarsılmaz etimadına söykənir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədi ilə fəaliyyətə başlayan dövlət başçısı, verdiyi hər bir vədi əməli işləri ilə təsdiqləmişdir. Bu gün Azərbaycanın qazandığı hər bir uğurun təməlində düşünülmüş siyasət, milli maraqlara sadiqlik və polad iradə dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, həm xalqımız, həm də beynəlxalq birlik üçün fenomenal idarəçilik nümunəsi nümayiş etdirən bir inkişaf yolu keçmişdir. Prezident İlham Əliyev müstəqil Azərbaycanın memarıdır".
A. Hüseynov qeyd edib ki, dövlət başçısı hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların rolunu gücləndirmiş, vətəndaş cəmiyyəti institutlarının müstəqilliyini və maliyyə imkanlarını artırmağa mühüm töhfə vermişdir: "Söz və mətbuat azadlığının təmin olunması, demokratik və plüralist mətbuatın formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bununla yanaşı, dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması da daim diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmış, Azərbaycan brendi olan “ASAN xidmət” və DOST Agentliyi isə vətəndaş-dövlət münasibətlərinin parlaq nümunəsinə çevrilmişdir".
Deputat diqqətə çatdırıb ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların davamlı yüksəlişi, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbul edilməsi Prezident İlham Əliyevin xidmətlərindəndir: "Bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı əsaslı inkişaf yolu keçmiş, milli iqtisadiyyata milyardlarla dollar investisiya qoyulmuşdur. Son 22 ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi inqilabi inkişaf dünya iqtisadi tarixində nadir hadisələrdəndir. Ümumi Daxili Məhsulun dəfələrlə artması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və nəhəng enerji layihələrinin - BTC və Cənub Qaz Dəhlizinin -uğurla icrası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşına çevirmişdir. Lakin cənab Prezidentin də vurğuladığı kimi, əsas hədəf “qara qızılı insan kapitalına çevirmək” idi və bu gün müasir təfəkkürlü, bilikli və vətənpərvər gəncliyimiz bu ali məqsədin ən parlaq göstəricisidir. Prezident İlham Əliyevin elan etdiyi bu doktrina ölkəmizin uzunmüddətli inkişafının təminatıdır. “Xaricdə təhsil üzrə Dövlət Proqramları” vasitəsilə minlərlə gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil almış, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və süni intellekt prioritet sahələrə çevrilmişdir. Dövlət idarəçiliyində müasir metodlara bələd olan, bir neçə dil bilən və milli ruhda yetişmiş gənclərin aparıcı mövqelərə gəlməsi isə “insan kapitalı” hədəfinin real bəhrəsinə çevrilmişdir".
A.Hüseynov vurğulayıb ki, müasir mərhələdə əsas hədəf neft-qaz sektorundan əldə olunan vəsaitləri qeyri-neft sektoruna- xüsusilə kənd təsərrüfatı, turizm və sənaye parklarına yönəltməkdir: "İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən “Smart” konsepsiyalar bu inkişafın ən müasir simasıdır. Nəticədə Azərbaycan iqtisadiyyatı artıq yalnız enerji resurslarına arxalanan sistem deyil; rəqabətədavamlı, innovativ və ən əsası, insan potensialına dəyər verən bir modelə çevrilmişdir. Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri xalqın həyatında mühüm yer tutan sosial sahələrin inkişafıdır. Bu məqsədlə son illərdə ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənmişdir. Minlərlə məktəb, yüzlərlə səhiyyə və mədəniyyət müəssisəsi tikilmiş, nəticədə Azərbaycanda heç vaxt olmadığı qədər geniş təhsil, səhiyyə və mədəniyyət infrastrukturu formalaşdırılmışdır. Dövlət başçısı milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunmasını və inkişafını təmin etmişdir. Dövlət başçımızın fəaliyyətinin ən möhtəşəm zirvəsi 30 illik işğala son qoyan 44 günlük Vətən Müharibəsidir. 2020-ci ildə əldə edilən tarixi zəfər və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpasını və hərbi-diplomatik gücünü bütün dünyaya nümayiş etdirmişdir. Şuşada və Xankəndidə dalğalanan üçrəngli bayrağımız dövlət başçısının “nəyi, necə və nə vaxt etmək lazım olduğunu” ən yaxşı bilən Lider olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə yalnız hərbi uğur deyil; bu, onilliklər boyu səbirlə və dəqiqliklə hesablanmış “Dəmir Yumruq” strategiyasının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında sərkərdə, həm də informasiya cəbhəsində qətiyyətli natiq kimi çıxış edərək xalq-dövlət-ordu birliyini polad bir gücə çevirmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu tarixi qələbə həm də Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdırdı. Bu gün biz yalnız hərbi zəfərimizlə deyil, işğaldan azad edilmiş torpaqlarda aparılan misilsiz quruculuq işləri ilə də dünyanı heyrətləndiririk. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir şəhərlər, “Ağıllı kənd”lər və beynəlxalq hava limanları Azərbaycanın daxili iqtisadi gücünün və xalqımızın yaradıcılıq ruhunun parlaq təzahürüdür. Azərbaycan artıq regionda diktə edən tərəf kimi çıxış edir. Cənab Prezidentin təklif etdiyi sülh gündəliyi və Zəngəzur dəhlizi kimi nəhəng nəqliyyat layihələri yalnız ölkəmiz üçün deyil, bütün Avrasiya regionu üçün iqtisadi dividend vəd edir. Ermənistanla sərhədlərin delimitasiyası prosesinin ikitərəfli formatda, kənar müdaxilə olmadan uğurla aparılması isə dövlət başçımızın diplomatik məharətinin növbəti qələbəsidir".
Parlamentari əlavə edib ki, bu gün tariximizin yeni şanlı səhifələri yazılır: "Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Əminliklə deyə bilərik ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı daha böyük zirvələri fəth edəcək. Biz qalib xalqın qalib dövlətində yaşayırıq və bu qüruru bizə bəxş edən müasir Azərbaycanın memarı cənab İlham Əliyevdir".
Ayhan
10:18 23.12.2025
Oxunuş sayı: 1480