Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşu kəskin artıb- Bu nə deməkdir?
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlərdə maraqlı dinamika müşahidə olunub. Mərkəzi Bankın məlumatına görə, bu dövrdə Azərbaycan Rusiya iqtisadiyyatına 38,9 milyon ABŞ dolları həcmində birbaşa investisiya qoyub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 % çoxdur. Digər tərəfdən, Rusiya Azərbaycana 181,2 milyon ABŞ dolları həcmində investisiya yatıraraq əvvəlki ilə nisbətən 85,1 % artım göstərib. Analiz göstərir ki, Azərbaycanın xaricə yönəldilmiş birbaşa investisiyaları ümumilikdə 2 milyard ABŞ dollarını keçərkən, ölkəyə cəlb olunan xarici investisiyalar 4,5 milyard ABŞ dollarına çatmışdır. Bu göstəricilər iki ölkə arasında qarşılıqlı investisiya əlaqələrinin inkişaf etdiyini və regional iqtisadi əməkdaşlığın gücləndiyini göstərir.

Bu barədə Crossmedia.az-a danışan iqtisadçı-ekspert, ReAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu faiz nisbətində Rusiyanın investisiyaları böyük artım göstərsə də, rəqəmsal baxımdan hələ mütləq çəkidə böyük deyil: "85 faiz ciddi artımdır, amma bu rəqəmlərin strukturuna da baxmaq lazımdır. Yəni investisiyalar haraya yönəlib, hansı sahələrdə daha çoxdur – bu da önəmlidir. Ümumilikdə götürdükdə, Azərbaycanın xarici investisiyalar siyahısında Rusiya ilk 5-likdə belə deyil. Ona görə də bu investisiyaların Azərbaycan iqtisadiyyatına və investisiya mühitinə ciddi təsir göstərəcəyini düşünmürəm. Mütləq rəqəmlərdə söhbət hələ ki, çox böyük olmayan göstəricilərdən gedir".
Mehriban Yariyeva
09:55 23.12.2025
Oxunuş sayı: 1300