Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Milli Məclisin sədri bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşün iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda xalqları bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.
14:17 20.12.2025
Oxunuş sayı: 1269