Yeni il ərəfəsində Bakıdan Sumqayıta: Bayrama hazırlıq necə gedir?
Dekabrın son günlərində şəhər təkcə təqvimlə deyil, ruhən də dəyişir. Küçələr işıqlanır, insanların addımları sürətlənir, baxışlarda isə eyni sual var: “Yeni il bizə nə gətirəcək?” Bu ovqatı yerində hiss etmək üçün yolumu əvvəlcə Bakının Nizami rayonuna — Heydər Əliyev parkına salıram.

Park yeni ilin nəfəsini çoxdan içinə çəkib. Rəngbərəng işıqlar ağacların budaqlarından süzülür, gecəni gündüzə çevirən işıqlandırma parka xüsusi bir nağıl ab-havası qatır. Burada uşaqların səsi küləyə qarışır — kimisi attraksionlarda oynayır, kimisi valideynlərinin əlindən tutub bəzədilmiş yol boyu qaçır. Hava soyuqdur lakin uşaqlar buna məhəl vermədən əylənirlər. Uşaqların sevincində bir səmimilik var: onlar üçün yeni il hədiyyədir, oyundur, möcüzədir. Böyüklər isə bir anlıq dayanıb bu sevincə baxır, bəlkə də, öz uşaqlıqlarını xatırlayırlar. Parkda hər şey bir mesaj verir: şəhər yeni ilə hazırdır, insanlar isə ümidlərini itirməyib.

Növbəti dayanacaq şəhərin ürəyi sayılan Nizami küçəsi- "Tarqovu"dur. Burada artıq başqa bir mənzərə ilə qarşılaşıram. “Soyuq əllər, isti ürəklər” yarmarkası sanki Bakının bütün nəfəsini özünə çəkib. Adam əlindən yer yoxdur — izdihamlı, səsli-küylü, amma bir o qədər də canlı və gözəldir. Qaynar içkilərin buxarı havaya qalxır, yeni bişmiş şirniyyatların qoxusu küçəni bürüyür. İnsanlar soyuq havaya baxmayaraq, dayanmağa tələsmir. Kimsə əlində stəkan çayla gülümsəyir, kimsə dostu ilə şəkil çəkdirir, kimsə isə sadəcə bu anı yaşamağa çalışır. Amma hər kəsin bir ortaq xüsusiyyəti var ki, burada hamı xoşbəxt görünür. Burada yeni il təkcə təqvim dəyişikliyi deyil — paylaşmaqdır, birlikdir, isti ürəkdir.

Bakıdan sonra yolumu öz yaşadığım şəhərə - Sumqayıta salıram. Şəhər Bakıya nisbətdə daha sakitdir, amma bu sakitliyin içində də bayram nəfəsi duyulur. Sumqayıt Mədəniyyət Mərkəzinin qarşısındakı yeni il şam ağacı ilk baxışdan o qədər də göz oxşayan deyil. Bəlkə də Bakıdakı bəzəklərin fonunda daha sadə görünür. Bu sadəliyin öz səmimiliyi var. Səhər hələ tam bəzədilməyib, şam ağacları tam qurulmayıb. Lakin işıqlandırma və insanların yeni ilə həvəsi artıq o şam ağaclarını qiyabən də olsa qurub. Burada süni təmtəraqdan çox, “biz hazırıq” mesajı hiss olunur. Küçələrdə hərəkət, vitrinlərdə işıq, insanlarda isə gözlənti var. Sumqayıt da yeni ilə hazırdır — səssiz, iddiasız, amma inamla.

Şəhərlər fərqli, bəzəklər müxtəlif, imkanlar bərabər olmaya bilər. Amma yeni il ərəfəsində insanları birləşdirən ortaq hiss dəyişmir — ümid. Bakı da, Sumqayıt da bu ümidlə işıqlanır. Uşaqların gülüşündə, yarmarkadakı izdihamda, sadə bir şam ağacının altında dayanan insanların baxışlarında eyni arzu var: gələn il bir az daha yaxşı olsun.
Ayhan
13:03 17.12.2025
Oxunuş sayı: 1115