Anadolu Agentliyi: “Bir millət, iki dövlət” sözü ilə tarixə keçən lider
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyi geniş məqalə yayımlayıb.
Crossmedia.az xəbər verir ki, “Bir millət, iki dövlət” sözü ilə tarixə keçən lider: Heydər Əliyev” sərlövhəsi ilə hazırlanan yazıda Ulu Öndərin həyat və yaradıcılığına geniş yer verilib.
“Sovet İttifaqı dövründə mühüm vəzifələr icra edən Heydər Əliyev müstəqilliyin ilk illərində böyük böhranlarla üzləşən Azərbaycanın idarəçiliyinə gələrək ölkəni xaosdan çıxaran şəxs oldu.
Həm sovet dövründə, həm də müstəqillik illərində bütün həyatını dövlətinə və xalqına həsr edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin geniş təbəqələrinin sevgisini qazanıb. Bu gün də onun xatirəsi ona verilmiş Ümummilli Lider adı ilə yaşadılır” ifadələri ilə başlayan yazıda Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanın bütün sahələrdə inkişafı, onun ölkənin gələcəyi üçün atdığı mühüm addımlardan bəhs edilib: “1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Prezident seçilən Heydər Əliyev vəzifəyə gəldiyi andan ölkənin yaşadığı ağır problemlərdən çıxması üçün gərgin səylər göstərdi. Ermənistanın hücumlarının davam etdiyi və ərazilərin işğal altında qaldığı bu kritik dövrdə ilk növbədə ordunun gücləndirilməsini prioritetə çevirdi”.
Məqalədə qeyd edilib ki, Ulu Öndərin prezidentliyi dövrünün ən mühüm addımlarından biri 7 ölkədən 11 şirkətin iştirakı ilə Azəri-Çıraq-Günəşli neft yatağının işlənməsini və neftin dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Əsrin müqaviləsi”nin imzalanması olub. Bu addım ölkənin iqtisadi inkişafının başlanğıc nöqtəsi hesab edilir.
Həmçinin keçirilən referendumla demokratik prinsiplərə uyğun yeni konstitusiyanın qəbul edilməsi təmin edilib və Heydər Əliyev Azərbaycanda ölüm cəzasını ləğv edib.
Yazıda Ümummilli Liderin Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verdiyi qeyd edilib: “Heydər Əliyev xüsusən Türkiyə ilə münasibətlərdə strateji və qardaşlıq prinsiplərinə əsaslanan siyasət yürüdürdü. Onun məşhur “Bir millət, iki dövlət” kəlamı Türkiyə–Azərbaycan əlaqələrinin əsas prinsipi halına gəlib. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə yaxın dostluğu da iki ölkə arasındakı bağların güclənməsinə mühüm töhfə verib”.
Məqalədə Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Fəxri xiyabana gələrək onun məzarını ziyarət etmələri barədə də məlumat verilib.
Məqaləyə əlavə olaraq Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən infoqrafika hazırlanıb.

21:30 12.12.2025
Oxunuş sayı: 1442