DSX-də Ulu Öndərin xatirəsi yad edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
DSX-nin mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə, xidmətin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Daha sonra DSX-nin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Xidmətin aparatında keçirilən tədbirdə isə şəxsi heyət əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ümummilli Liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olub.
Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndərin dövlətimizin başçısı olduğu illərdə Azərbaycan xalqının böyük tarixi yol keçdiyini, respublikamızın iqtisadiyyatının sürətlə inkişaf etdiyini, güclü iqtisadi, sosial və hərbi potensialın yarandığını bildirdiriblər. Əldə olunan imkanlarla güclü Azərbaycan Ordusunun yaradıldığını, məhz buna görə də Qarabağın azadlığının ən böyük memarının Ulu Öndər Heydər Əliyev olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, Ümummilli Liderin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə edilən uğurların Heydər Əliyev zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların davamı olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “On birinci Qarabağnamə” filmi nümayiş etdirilib.
19:08 12.12.2025
Oxunuş sayı: 979