Akademik: Azərbaycan dili Ümummilli liderin dövründə böyük dövlətçilik və vətənçilik məzmunu ilə zənginləşmişdir
Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Heydər Əliyev yalnız müdrik siyasətçi deyil, həm də dilimizin və mədəniyyətimizin inkişafına böyük diqqət ayırmış bir şəxsiyyət kimi tarixdə özünəməxsus iz qoyub. Onun nitqlərində sadə, aydın və məntiqli ifadələr ön planda idi, hər zaman xalqın asanlıqla anlayacağı sözlərdən istifadə edirdi. Politoloqların fikrincə, bu, onun dilə və sözün qüdrətinə verdiyi önəmin bariz nümunəsidir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov Crossmedia.az-a bildirib ki, Ümummilli Liderimizin anım günündə onun müxtəlif sahələrdəki xidmətlərini xatırlamaq hər birimizin borcudur: "Bu xidmətlər həm tarixidir, həm də uzunmüddətli perspektivə malikdir. Xüsusilə dövlət dili məsələsində Heydər Əliyevin rolunu müqayisə edəcək şəxsiyyət tapmaq çətindir. Şah İsmayıl Xətaidən Azərbaycan dövlətçiliyinin əsasını qoyan böyük hökmdarımızdan tutmuş, bu günədək bu sahədə Heydər Əliyevin gördüyü işlər həqiqətən müstəsnadır".

N. Cəfərov vurğulayıb ki, dövlət dilinin inkişafı və qorunması sahəsində Heydər Əliyevin xidmətləri xüsusilə əhəmiyyətlidir: "Sovet İmperiyası dövründə Azərbaycan dili sıxışdırıldığı halda, Heydər Əliyev ona dövlət dili statusu verdi və dilin elmi, ədəbi, publisistik sahələrdə inkişafı üçün lazımi tədbirlər gördü. Yazıçılara, alimlərə, yaradıcı şəxslərə göstərilən qayğı, onlara verilən yüksək dövlət adları Azərbaycan dilinin daşıyıcısı kimi nüfuzunu artırırdı. Bu, dilin inkişafına strateji yanaşmanın nümunəsidir".
O, həmçinin qeyd edib ki, Azərbaycan dilinin qramatikası dərsliklərinin 1974-cü ildə dövlət mükafatı ilə qiymətləndirilməsi Heydər Əliyevin dilə verdiyi önəmin göstəricisidir: "Dövlət başçısı olaraq o, Azərbaycan dilinin himayəçisi idi, dilin inkişafı və nüfuzunun artırılması üçün şərait yaradırdı. Onun təşəbbüsləri nəticəsində Azərbaycan dili dünyanın müxtəlif ölkələrində səsləndi və beynəlxalq arenada nüfuz qazandı. Ümummilli Liderimiz Azərbaycan dilində danışarkən yüksək mədəniyyət nümayiş etdirirdi. Onun nitqləri dilin gözəl ifadələri və natiqlik bacarığı ilə zəngin idi. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. O, rəsmi görüşlərdə Azərbaycan dilinə üstünlük verərək, dilimizin nüfuzunu beynəlxalq səviyyədə yüksəldir. Bu ənənə 2020-ci il Vətən Müharibəsi zamanı da özünü göstərib. Azərbaycan dili Ümummilli liderin dövründə böyük dövlətçilik və vətənçilik məzmunu ilə zənginləşmişdir. Bu gün dilimiz həm dövlətçilik, həm də milli məfkurə funksiyasını yüksək səviyyədə həyata keçirir".
Mehriban Yariyeva
17:28 12.12.2025
Oxunuş sayı: 1305