Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təminatçısıdır - Deputat
Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yeri olan Heydər Əliyev yalnız böyük siyasətçi kimi deyil, həm də xalqın taleyində dönüş yaradan müdrik lider kimi xatırlanır. Onun həyatı və fəaliyyəti milli maraqlara sədaqət, dövlətçilik ənənələrinə bağlılıq və xalqına sonsuz sevgisi ilə səciyyələnir. Heydər Əliyevin anım günü, keçilən yolun dəyərləndirilməsi, Azərbaycanın bugünkü inkişafının ideya əsaslarının haradan qaynaqlandığını anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində və dövlətin qorunub saxlanmasında önəmli simalardan biridir və o, ümummilli lider kimi tarixdə qalacaq.

Deputat bildirib: "Heydər Əliyevi hələ 90-cı illərin əvvəllərində tanımışam. O dövr Azərbaycan üçün çox ağır idi – xalq separatçılıq və bölücülük təhlükəsi ilə üz-üzə qalırdı. Şimaldan və cənubdan gələn separatizm cəhdləri ölkənin birliyini pozmağa, iç savaş yaratmağa yönəlmişdi və xaricdən idarə olunan qüvvələr tərəfindən Azərbaycanda etnik münaqişəni qızışdırmaq planlaşdırılırdı.
O dövrdə Azərbaycanın müdrik insanları və ziyalıları Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlətimiz üçün nə qədər həyati olduğunu anlayaraq onu dəvət etdilər. Mənim yadımda qalır ki, Heydər Əliyev Azərbaycana gələn kimi separatizmin kökünü kəsdi və dövlətimizin təhlükəsizliyini təmin etdi. 1995-ci ildə isə Azərbaycan ordusunu xalqla üz-üzə qoymaq istəyən qüvvələrə qarşı onun gecə müraciəti nəticəsində xalq Prezident Aparatının qarşısına axışdı. Ertəsi gün isə Azadlıq meydanında 1 milyona yaxın insan toplandı. Biz onun müdafiəsində ilk səfər gedənlərdən idik.
Heydər Əliyev o dövrdə qurtarıcı missiyasını yerinə yetirdi, xalqın və dövlətin varlığının təməl daşını qoydu. O, Azərbaycan xalqının yaddaşında hər zaman böyük hörmətlə yad ediləcək. Bugünkü Azərbaycan dövlətinin, sərhədlərinin bərpası, Qarabağın işğaldan azad olunması və yenidən qurulması, Müzəffər Ali Baş Komandanımızın Heydər Əliyevin siyasi məktəbindən keçməsi onun böyük xidmətlərindən biridir. Biz bunu millət olaraq heç zaman unutmayacağıq. Ruhu şad olsun".
Mehriban Yariyeva
16:56 12.12.2025
Oxunuş sayı: 1492