Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika: Azərbaycan liderinin Trampa məktubu nələri göstərdi?
Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın dərinləşməsi, qarşılıqlı etimadın möhkəmlənməsi son illərin beynəlxalq gündəmində xüsusi çəkiyə malikdir. İki ölkə rəhbərləri arasında aparılan yazışmalar, yüksək səviyyəli siyasi dialoq və ardıcıl əlaqələr münasibətlərin təkcə ikitərəfli formatda deyil, həm də regional və qlobal təhlükəsizlik kontekstində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın məktubuna cavab olaraq ünvanladığı məktub da məhz bu konstruktiv əməkdaşlıq ruhunun, qarşılıqlı hörmətə əsaslanan siyasi iradənin və qlobal sülh naminə həmrəyliyin bariz ifadəsidir. Azərbaycan liderinin məktubunda beynəlxalq sabitliyə yönəlmiş təşəbbüslərin yüksək qiymətləndirilməsi, təhlükəsizlik məsələlərində dialoqun davamlılığının vurğulanması iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini bir daha təsdiq edir.
Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir və hər dəfə yeni strateji impulslarla zənginləşir. Deputatın sözlərinə görə, iki dövlət başçısı arasında baş tutan məktublaşmalar bu dialoqun müsbət istiqamətdə irəliləməsinə mühüm təsir göstərir: “Bu yazışmaların özünəməxsus əhəmiyyəti var. Çünki hələ də ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin ləğvi məsələsi tam həllini tapmayıb. Bu düzəliş uzun illərdir Azərbaycan–ABŞ münasibətlərinə maneə yaradıb. Lakin bu gün iki ölkə rəhbərləri arasında aparılan məktublaşmalar, konstruktiv mesajlar və siyasi iradə həmin maneənin aradan qaldırılması istiqamətində ciddi bir mərhələnin başlanğıcından xəbər verir. Düşünürəm ki, bu, həm də iki dövlət başçısı arasında mövcud olan qarşılıqlı etimadın və hörmətin göstəricisidir”.
Deputat qeyd edib ki, hər iki liderin praqmatik siyasi düşüncə tərzi iki ölkəni daha da yaxınlaşdıran əsas amillərdəndir:
“ABŞ nə qədər obyektiv və praqmatik siyasət yürüdürsə, Azərbaycan Prezidenti də bir o qədər real siyasi vəziyyəti düzgün qiymətləndirən, qlobal prosesləri dəqiqliklə oxumağı bacaran dövlət xadimidir. Hər iki liderin geosiyasi və geostrateji məsələlərə rasional yanaşması Azərbaycan–ABŞ münasibətlərinə yeni dinamika verir və qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini genişləndirir”.
Mehriban Yariyeva
14:20 12.12.2025
Oxunuş sayı: 2935