Heydər Əliyevin xarici siyasətinin başlıca məqsədi Azərbaycanın suveren qərarvermə imkanlarını təmin etmək idi - Deputat
Müstəqil Azərbaycanın müasir siyasi kimliyinin formalaşması və beynəlxalq arenada hörmətli dövlət kimi tanınması heç də təsadüfi deyil. Bu uğur Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, sistemli və milli maraqlara əsaslanan strateji baxışının birbaşa nəticəsidir.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi təkcə daxili sabitliyi təmin etməklə kifayətlənmirdi . O, eyni zamanda Azərbaycanı dünyaya açan, müstəqil və çoxvektorlu xarici siyasət modeli yaratmağı qarşısına əsas hədəf qoymuşdu. XX əsrin sonundakı çətin geosiyasi şəraitdə belə bir modeli qurmaq fövqəladə liderlik və strateji düşüncə tələb edirdi.
Müstəqilliyin ilk illərində ölkə ağır siyasi böhranlar və xarici təzyiqlərlə üzləşmişdi. Məhz bu dövrdə Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış diplomatiya Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, milli maraqları qoruyan praqmatik xətti formalaşdırdı və gənc respublikanın sadəcə regional proseslərdə iştirakçı deyil, onların istiqamətvericisi olmasına yol açdı. Onun irəli sürdüyü çoxvektorlu xarici siyasət, enerji diplomatiyasına əsaslanan yeni əməkdaşlıq formatları və praqmatik strateji qərarlar Azərbaycanı qlobal səviyyədə etibarlı tərəfdaş statusuna yüksəltdi.
Bu gün Azərbaycanın qazandığı beynəlxalq nüfuz, çoxsaylı strateji tərəfdaşlıq müqavilələri və regionda yaratdığı lider mövqe birbaşa Heydər Əliyevin müəyyənləşdirdiyi kursun davamlılığının əyani sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da təkmilləşdirilərək Azərbaycanı nəinki regional liderə, həm də qlobal miqyasda mühüm oyunçuya çevirmişdir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Ulu Öndərin xarici siyasətinin prioritetləri ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Ümummilli Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişafındakı çoxşaxəli faəliyyətləri, misilsiz xidmətləri və strateji qərarları sayəsində XX əsr bəşəriyyət tarixində böyük dövlət xadimləri arasında yer alır. Heydər Əliyevin dövlətçilik məfkurəsi yalnız siyasi idarəetmənin təkmilləşdirilməsi ilə məhdudlaşmır; onun milli ideologiyası və dövlətçiliyimizin inkişafı prinsipləri müasir Azərbaycan cəmiyyətinin formalaşmasına ciddi töhfə verməkdədir. Azərbaycanın müstəqillik dövründə formalaşan siyasi idarəetmə və inkişaf modeli 1990-cı illərin mürəkkəb geosiyasi mühitində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın nəticəsidir. Bu strategiyanın əsas elementlərini qısa formada belə ümumiləşdirmək olar: dövlət idarəçiliyində institusional sabitliyin təmin edilməsi, cəmiyyətin milli birliyinin və sosial konsolidasiyanın möhkəmləndirilməsi, iqtisadiyyatın diversifikasiyası və investisiya mühitinin yaxşılaşdırılması, milli maraqlara əsaslanan xarici siyasət kursunun və çevik diplomatiyanın formalaşdırılması. Heydər Əliyevin milli maraqlara əsaslanan, çoxvektorlu xarici siyasət kursu müasir Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin möhkəmlənməsinə bu gün də töhvə verməkdədir. Ümummilli Liderin düşünülmüş çoxşaxəli diplomatik fəaliyyətləri gənc müstəqil dövlətimizin beynəlxalq birliyə inteqrasiya imkanlarını genişləndirmişdir".

Deputat Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursunun mahiyyətini qeyd edib: "Heydər Əliyevin xarici siyasətinin başlıca məqsədi beynəlxalq təzyiqlər və regional risklər fonunda Azərbaycanın müstəqilliyini gücləndirmək, onun suveren qərarvermə imkanlarını təmin etmək idi. Ermənistan–Azərbaycan münaqişəsinin həllində prinsipial mövqe və beynəlxalq müstəvidə fəaliyyəti, Xarici siyasətin prioritet istiqaməti Ermənistanın təcavüzü və işğalı nəticəsində yaranmış dövlətlərarası münaqişənin beynəlxalq hüququn prinsipləri, BMT TŞ-nin 1993-cü il Qətnamələri əsasında həllinə nail olmaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi və bu məsələlərdə dövlətimizin haqlı mövqeyinə dünya ictimaiyyətini dəstəyini təmin etmək idi. Milli maraqlara əsaslanan, balanslaşdırılmış çoxvektorlu diplomatiyadan danışsaq Azərbaycanın eyni vaxtda müxtəlif güc mərkəzləri – qonşu dövlətlər, Qərb ölkələri, regional təşkilatlar və qlobal aktorlarla balanslaşdırılmış münasibət qurması əsas prioritetlərdən birini təşkil edirdi. Bu yanaşma ölkəni geosiyasi rəqabətin obyektinə deyil, subyektinə çevirdi".
R.Nəbiyev Heydər Əliyevin siyasətində enerji resurslarının istehsalı və nəqlinin xarici siyasət alətinə çevrilməsini bildirib: "Xəzər enerji yataqlarının beynəlxalq bazarlara çıxarılması Azərbaycanın iqtisadi inkişafını təmin etməklə yanaşı, ölkənin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdi və onu regional enerji təhlükəsizliyinin əsas iştirakçısına çevirdi. Xəzər hövzəsinin enerji resurslarının qlobal bazarlara çıxarılması istiqamətində davam etdirilən layihələr Azərbaycanın davamlı iqtisadi yüksəlişində və beynəlxalq nüfuzunun artmasında müstəsna rol oynamaqdadır. Regional və qlobal əməkdaşlığın genişləndirilməsi Xəzər regionunda və daha geniş coğrafiyada əməkdaşlıq platformalarının yaradılması, beynəlxalq təşkilatlarda fəallığın artırılması Heydər Əliyevin siyasətinin mühüm komponentləri sırasında idi. 1997–2025-ci illər ərzində Azərbaycan Respublikası 25 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalamışdır. Bu dövlətlərin 10-u Avropa İttifaqının üzvü olan dövlətlərdir".
Millət vəkili qeyd edib ki, torpaqlarımız işğal altında olan zaman strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas məsələ Ermənistan–Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində, xüsusi ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında həllinə birmənalı dəstəyin təmin edilməsi idi: "Bu prinsipial və güzəştəgedilməsi heç bir halda mümükn olmayan mövqeni Ümummilli Lider Heydər Əliyev müəyyənləşdirmidi. Prezident İlham Əliyev də məhz bu prinsipiallığın və ardıcıl xarici siyasət kursunun təmin edilməsini Azərbaycan diplomatiyasının qarşısında hədəf kimi qoymuşdu. Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin ardıcıl davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı layihələr və siyasi-iqtisadi transformasiyalar Ulu Öndərin strateji vizyonunun aktuallığını və davamlılığını təsdiqləyir".
Ayhan
11:25 12.12.2025
Oxunuş sayı: 1627