Xalqa Həsr Olunmuş Ömür: Heydər Əliyev İrsinin Əbədiyyəti
Azərbaycan xalqı hər il 12 dekabr tarixində müasir dövlətçiliyimizin memarı, uzaqgörən siyasi xadim, dünya miqyaslı lider Heydər Əliyevin anım gününü dərin ehtiramla yad edir. Onun həyat yolu, dövlətçilik fəlsəfəsi və ölkəmizin inkişafına verdiyi misilsiz töhfələr Azərbaycan tarixində silinməz iz buraxmışdır. Heydər Əliyevin fəaliyyəti yalnız bir dövrün deyil, bütövlükdə xalqımızın milli-mənəvi yaddaşının mühüm tərkib hissəsidir.
1969-cu ildə Azərbaycan SSR-in rəhbərliyinə gəlişi ilə Heydər Əliyev ölkənin siyasi və iqtisadi həyatında dönüş yaratdı. Onun rəhbərliyi dövründə sənaye və kənd təsərrüfatında əsaslı struktur islahatları aparıldı, Bakı və bölgələrdə iri istehsal müəssisələri inşa olundu, elmin, təhsilin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildi. Milli kadrların hazırlanması dövlət siyasətinin prioritetinə çevrildi və bu, respublikanın gələcək müstəqillik dövrü üçün möhkəm intellektual baza formalaşdırdı. Həmin illər Azərbaycanı ittifaq miqyasında seçilən, dinamik inkişaf edən respublikalardan birinə çevirdi.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ən ağır və sınaqlarla dolu dövrlərdən biri idi. Dövlətçiliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ölkənin taleyini dəyişdi. Onun qətiyyətli addımları və uzaqgörən siyasi qərarları nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutlarının fəaliyyəti bərpa olundu, hüquqi və siyasi sabitlik təmin edildi. Müstəqil Azərbaycanın strateji inkişaf yolu müəyyənləşdirildi və hüquqi dövlət quruculuğu istiqamətində əsaslı addımlar atıldı. Yeni Konstitusiyanın qəbulu, iqtisadi liberallaşma siyasəti və idarəetmənin modernləşdirilməsi Heydər Əliyevin dövlətçilik kursunun əsas sütunlarını təşkil etdi.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin strateji dühasını və həyata keçirdiyi enerji siyasətinin əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu müqavilə Azərbaycanı regionun enerji mərkəzinə çevirdi, ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirdi, xarici sərmayələrin geniş miqyasda cəlb olunmasına şərait yaratdı. Həmçinin Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasına səbəb oldu. Ulu Öndərin əsasını qoyduğu neft-qaz strategiyası bu gün də Azərbaycanın sosial-iqtisadi inkişafının aparıcı istiqamətlərindən biri kimi uğurla davam etdirilir.
Heydər Əliyevin milli ordu quruculuğundakı xidmətləri də xüsusi qeyd olunmalıdır. Müstəqilliyimizin ilk illərində nizami və peşəkar ordunun yaradılması onun rəhbərliyi ilə sistemli şəkildə həyata keçirildi. Ordu quruculuğunda institusional yanaşma, kadr hazırlığı, təhlükəsizlik doktrinasının formalaşdırılması onun səyləri sayəsində mümkün oldu.
Ulu Öndərin xarici siyasət xətti də Azərbaycanın mövqelərini beynəlxalq arenada gücləndirdi. O, balanslaşdırılmış, milli maraqlara əsaslanan siyasət yürüdərək Azərbaycanı qlobal diplomatik sistemin etibarlı tərəfdaşına çevirdi. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi məhz Heydər Əliyevin diplomatik ustalığı ilə möhkəmləndirildi.
Heydər Əliyevin həyat yolu və fəaliyyəti Azərbaycanın müasir tarixinin tərkib hissəsidir. Onun siyasi irsi bu gün də ölkəmizin inkişaf konsepsiyasının ideya bazasını təşkil edir və dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün etibarlı əsas rolunu oynayır. Xalqımız Ulu Öndərin xatirəsini dərin ehtiramla anır və onun qurduğu dövlətçilik ideyalarını böyük qürurla yaşadır.
09:52 12.12.2025
Oxunuş sayı: 2620