Heydər Əliyev - Azərbaycanı tənəzzüldən qlobal liderliyə aparan dahi
Hər il 12 dekabr Azərbaycan xalqı üçün sadəcə bir anım günü deyil – bu tarix milli dövlətin yenidən doğuluşunun və davamlı inkişafın rəmzidir. 2025-ci ildə Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü qeyd edilərkən, onun qurduğu dövlətçilik təməllərinin zamanın sınaqlarından necə uğurla çıxdığı bir daha təsdiq olunur. Heydər Əliyev təkcə siyasi lider yox, Azərbaycanın müasir dövlət modelinin ideoloji memarı, xaosdan sabitliyə keçidin strateqi idi. Heydər Əliyev öz ömrünü uçurumun astanasında olan bir dövlətin quruluşuna həsr etmiş, o dövləti bir çox çətinliklərə və zamanın sınaqlarına baxmayaraq qurmağı bacarmışdır. O Azərbaycan tarixində prezident, siyasi xadim kimi yox, millətin atası kimi qaldı, tarixə öz imzasını atdı. Gənclik illərindən fəaliyyətini Azərbaycana, xalqa həsr edən Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü rəsmi olaraq 1969-cu ildən başlamışdır. Azərbaycana ilk rəhbərlik dövründə də yüzlərlə məktəb, zavod, fabrik açmış bir sıra sosial problemləri həll etmiş və ən əsası dil haqqında qanunu konsititusiyaya əlavə etmişdir. Azərbaycana ikinci rəhbərliyi dövrü isə 1993-dən başladı. Yoxdan bir dövlət quran Ulu öndər müasir Azərbaycan Respublikası üçün olduqca möhkəm özüllər qurdu.
Siyasi irs: parçalanmadan regional qüdrətə
Heydər Əliyevin siyasi irsi Azərbaycanın müstəqillik tarixinin ən kritik məqamlarında özünü göstərdi. 1993-cü ildə ölkə vətəndaş müharibəsinin bir addımlığında idi; dövlət institusiyaları iflic olmuş, torpaqların 20%-i işğal altında qalmışdı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın siyasi dirçəlişi üç mərhələli bir proses şəklində formalaşdı: sabitlik institutlaşma və beynəlxalq inteqrasiya.
Sabitlik (1993–1995): Qanunsuz silahlı dəstələrin tərksilahı, siyasi sabitliyin bərpası, mərkəzləşdirilmiş idarəetmənin qurulması Azərbaycanı postsovet xaosundan çıxaran həlledici addım oldu.
İnstitutlaşma (1995–2003): Yeni Konstitusiyanın qəbulu, hüquqi-demokratik dövlət quruculuğu, ordu quruculuğunun prioritet elan edilməsi müasir dövlət institutlarının təməlini qoydu. Sonrakı illərdəki hərbi uğurların strateji əsası da məhz burada formalaşdı.
Beynəlxalq inteqrasiya: Heydər Əliyevin balanslı xarici siyasəti Azərbaycanı Şərqlə Qərb arasında etibarlı körpüyə çevirdi. 2025-ci ildə ölkənin regional siyasətdə oynadığı rol – Prezident İlham Əliyevin Çinlə strateji əməkdaşlığı genişləndirməsi, beynəlxalq platformalardakı aktivlik – bu irsin davamı kimi çıxış edir.
Heydər Əliyevin siyasi modeli sabit inkişafın, beynəlxalq balansın və güclü institusional dövlətçiliyin sintezidir. 2025-ci ildə Azərbaycanın regiondakı mövqeyi, postmüharibə siyasi arxitekturasındakı rolu da bu modelin davamlılığını təsdiqləyir.
İqtisadi transformasiya və neft strategiyası
Azərbaycanın iqtisadi dirçəlişinin əsasını Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası təşkil edir. 1994-cü il “Əsrin müqaviləsi” ölkəni qlobal enerji xəritəsinə qaytardı və iqtisadiyyatın tənəzzüldən çıxarılmasının başlanğıc nöqtəsinə çevrildi. Strateji layihələr: Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri Azərbaycanın enerji ixrac potensialını artıraraq, ölkəyə milyardlarla dollar investisiya cəlb etdi. Bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılılığı azaltmaq üçün struktur islahatlarını davam etdirir. IMF və EBRD-in proqnozları göstərir ki, 2025-ci ildə iqtisadi artım mülayim olsa da, qeyri-neft sektorunun genişlənməsi diversifikasiya modelinin gücləndiyini təsdiq edir. SOFAZ-ın yığımları isə ölkənin regional sabitliyinin əsas iqtisadi təminatçısı olaraq qalır. Heydər Əliyevin resurs strategiyası Azərbaycana “resurs lənəti” təhlükəsindən yayınmağa şərait yaratdı və 2025-ci ildə iqtisadiyyatın yeni prioritetləri – Qarabağ yenidənqurması, xidmət sektoru, logistika – həmin irsin müasir mərhələsini təşkil edir.
Sosial islahatlar və İnsan kapitalı
Heydər Əliyevin idarəçilik fəlsəfəsində insan amili xüsusi yer tuturdu. Sosial sabitlik və əhalinin rifahının yüksəldilməsi dövlətin gücünün əsas baza elementləri kimi formalaşdı.
Pensiya sisteminin yenilənməsi,
Qaçqın və məcburi köçkünlərə xüsusi qayğı,
Aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi
cəmiyyət–dövlət münasibətlərini yeni mərhələyə qaldırdı.
Təhsildə isə Heydər Əliyevin siyasəti gələcəyin strateji təminatına yönəlmişdi: minlərlə gəncin xaricdə təhsilə göndərilməsi, hərbi-təhsil ocaqlarının gücləndirilməsi, elmi potensialın artırılması müasir Azərbaycanın intellektual bazasını formalaşdırdı. Bu gün innovasiya, texnologiya və müasir sənaye sahələrində yetişmiş kadrlar həmin siyasətin nəticəsidir.
Heydər Əliyevin dövlətçilik modeli Azərbaycanı tənəzzüldən regional liderliyə aparan yeganə strateji yol idi. 2025-ci ildə iqtisadi sabitlik, siyasi ağırlıq, təhlükəsizlik, postmüharibə inkişafı və beynəlxalq mövqelər bu böyük irsin davam etdirildiyini açıq şəkildə ortaya qoyur. Heydər Əliyev Azərbaycançılıq ideyasının əbədi simvolu olaraq qalır. Heydər Əliyev elə güclü təməllər qoydu ki, Azərbaycan 30 il sonra Ali Baş Komandanın başçılığı ilə Qarabağımızı düşmən işğalından azad etdi, 2023-cü ildə isə suverenliyimizi bərpa etdi. Və Azərbaycan bu gün regional və beynəlxalq tribunalarda müstəqil siyasət yürüdən aktora çevrilib.
Ayhan
09:31 12.12.2025
Oxunuş sayı: 1823