Gürcüstan odla oynayır: Azərbaycana və azərbaycanlılara qarşı təxribatlar davam edir
Son zamanlar Gürcüstanın Azərbaycanla qonşuluğa və strateji müttəfiqliyə yaraşmayan addımları artıq qəbul edilə bilməz səviyyəyə çatıb. Bu vəziyyət açıq şəkildə qeyri-bərabər və seçici yanaşmanın göstəricisidir. Məsələn, azərbaycanlı sürücülər həftələrlə, bəziləri isə sentyabrdan bu yana sərhədi keçə bilmədiklərini bildirirlər. Məlumata görə, gecikmələr əsasən Azərbaycan nömrəli TIR-lara tətbiq olunur — noyabrın əvvəllərində Batumi və Tbilisi gömrük məntəqələrində tütün məhsulları daşıyan azərbaycanlı yük maşınları 20 gündən artıq saxlanılıb və heç bir rəsmi izahat verilməyib. Digər ölkələrdən olan daşıyıcılar, o cümlədən Gürcüstan nömrəli yük maşınları isə daha sürətli və problemsiz buraxılır.
Sürücülərin şəxsi hekayələri vəziyyətin ciddiliyini daha da açıq göstərir: onlar saxlanılmaların səbəbini tələb etdikdə heç bir aydın cavab verilmir. Tərcüməçi təmin olunmur, rəsmi prosedurlara istinad edilmir, çox vaxt sadəcə “gözləyin” kimi qısa, sərt və emosional cavablarla qarşılaşırlar. Bu yanaşma beynəlxalq tranzit qaydalarına, eləcə də Gürcüstanın üzv olduğu TIR Konvensiyasına ziddir, çünki konvensiya sərhəd keçidlərinin tez və şəffaf təşkilini tələb edir. Belə münasibət, əgər bu gün Ermənistan tərəfindən göstərilsəydi, müəyyən siyasi kontekstlə izah oluna bilərdi. Amma həmişə dəstək durduğumuz, iqtisadi və mədəni əlaqələrimizi qoruduğumuz şimal qonşumuzun belə davranışı nə ilə izah edilə bilər? Bu, sadəcə qonşuluq prinsiplərinə ziddiyyət deyil, həm də regional iqtisadi inteqrasiyaya — xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələr fonunda — ciddi maneədir. Üstəlik, Gürcüstanın öz maraqlarına da zidd addımdır.
Bundan başqa Gürcüstanın digər istiqamətlərdə də anlaşılmaz davranışlarını davam etdirməsi diqqət çəkir. Özü də Azərbaycan və Gürcüstan diplomatlarının mütəmadi səfərlər etdiyi, görüşlər keçirdiyi vaxtda. Xüsusilə, Azərbaycan elm və təhsil naziri Emin Əmrullayevin 4–5 dekabr 2025-ci ildə Tbilisiyə rəsmi səfəri zamanı baş verənlər buna nümunədir. Nazir Gürcüstan Təhsil, Elm və Gənclər İşləri Naziri Givi Mikanadze ilə görüşmüş, Tbilisi Dövlət Universiteti və digər ali təhsil müəssisələrində əməkdaşlıq məsələlərini müzakirə etmiş, hətta enerji və dərin su limanı ixtisası üzrə birgə kollec yaradılması kimi layihələr gündəmə gətirilmişdir.
Lakin eyni günlərdə Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisi — Marneuli 4 nömrəli orta məktəbin direktoru Dilara Darğallının vəzifəsindən azad edilməsi diqqət çəkir. Bunu sadəcə texniki idarəetmə qərarı kimi təqdim etmək mümkün deyil. Məktəb rus dilində tədris edən bir müəssisədir, direktor isə Azərbaycan köklü ailəyə mənsubdur və rüşvət iddiası ilə işdən çıxarılıb, həbs olunub. Lakin bu ittihamların əsaslılığı barədə heç bir şəffaf araşdırma məlumatı yoxdur. Sərhəd blokadaları və azərbaycanlı icma ilə bağlı belə qərarların eyni anda baş verməsi təsadüf təsiri bağışlamır – bu, sistemli təzyiq strategiyasının elementləri kimi görünür. Əgər doğrudan da korrupsiya halı varsa biz bundan tərəfdar deyilik. Amma məhz Azərbaycan elm və təhsil təhsil nazirinin səfəri zamanı bu cür addım iki ölkənin dost və müttəfiqlik münasibətlərinin ruhuna ziddir. Azərbaycanın elm və təhsil nazirinin Gürcüstanda səfərdə olduğu müddətdə azərbaycanlı məktəb direktoruna qarşı bu cür hərəkətlər iki ölkə münasibətlərinə pozmaq istəyənlərin təxribatçı davranışlarıdır.
Azərbaycan bu gün dünyada öz sözünü deyən, müstəqil daxili və xarici siyasət yürüdən, iqtisadi cəhətdən güclü dövlətdir. Zəngəzur dəhlizi kimi layihələrlə regionun tranzit xəritəsini yenidən formalaşdıran ölkə kimi təbii olaraq müxtəlif qısqanclıq və təzyiq cəhdləri ilə qarşılaşacağı da gözləniləndir. Amma sərhəddə blokadalar, diplomatik səfərlər zamanı hörmətsiz davranışlar və azərbaycanlılara qarşı seçicilik kimi addımlar dövlətimizin gücünə təsir etməz. Əksinə, Gürcüstanın öz etibarına, iqtisadiyyatına və siyasi imicinə zərər vurur.
Tarixə söykənən dostluq münasibətlərinin müəyyən xarici qüvvələrin təhriki ilə pozulması Gürcüstana yalnız itkilər gətirə bilər — tranzit gəlirlərinin azalması, turizm axınının zəifləməsi və iqtisadi əməkdaşlığın dayanması kimi nəticələrlə. Gürcüstan xarici siyasətdə dərsi korrupsiya və standartlara uyğunsuzluqla məşğul olan Avropadan yox, Avropaya ədalət, şəffaflıq və qarşılıqlı hörmət nümunəsi göstərən Azərbaycandan götürməlidir. Əks halda, atılan bu addımlar dostluq yox, gərginlik və düşmənçilik yolunu açacaq və regional sabitliyi təhdid edəcək. Azərbaycan həmişə açıq dialoqa hazırdır, lakin belə qeyri-məsuliyyətli davranışlara qarşı diplomatik və iqtisadi cavab tədbirlərinin qaçılmaz ola biləcəyini də unutmaq olmaz.
17:51 06.12.2025
Oxunuş sayı: 1363