Tramp administrasiyası yenilənmiş milli təhlükəsizlik strategiyasını açıqlayıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası yenilənmiş milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə ABŞ-nin əsas maraqlarından biri kimi Ukraynadakı müharibənin tez bir zamanda başa çatdırılması və Rusiya ilə münasibətlərdə “strateji sabitliyin” bərpası göstərilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Strategiyada vurğulanır ki, döyüşlərin dayandırılması Avropa iqtisadiyyatının sabitləşməsi, eskalasiyanın qarşısının alınması və Ukraynanın yaşayış qabiliyyətli dövlət kimi bərpası üçün vacibdir.
Sənəddə Avropanın xarici asılılığının artdığı da qeyd olunur. Misal olaraq göstərilir ki, Almaniyanın kimya sənayesi əvvəlki Rusiya qazının çatışmazlığı səbəbilə istehsalı Çinə köçürməyə məcbur qalıb.
Strategiya Avropa ölkələrinin hökumətlərini kəskin tənqid edir — müharibə ilə bağlı qeyri-real gözləntilər, daxili siyasi qeyri-sabitlik və “müxalifətin boğulması” göstərilən əsas problemlərdir. Müəlliflərin fikrincə, Avropada əhalinin çoxu sülh istəyir, lakin bu, siyasi qərarlarda əks olunmur.
NATO ilə bağlı sənəddə yeni prioritet müəyyən edilir — alyansın daimi genişlənməsi təəssüratının və reallığının qarşısının alınması. ABŞ Avropada sabitliyin bərpasını, qitənin daha müstəqil olmasını və Rusiya ilə münasibətlər arxitekturasının yenidən nəzərdən keçirilməsini hədəflədiyini bildirir.
Tramp bəyan edir ki, ABŞ artıq “qlobal yükü təkbaşına daşıya bilməz”, qloballaşma siyasətini tənqid edir və Vaşinqtonu hərbi xərclərə məcbur etdiyini iddia etdiyi müttəfiqləri günahlandırır.
Strategiyada həmçinin qeyd olunur ki, gələcəkdə bəzi NATO üzvləri ABŞ-la münasibətlərini yenidən qiymətləndirə bilər və Avropa daha çox öz gücünə arxalanmağa hazırlaşmalıdır.
Günel Verdiyeva
17:40 05.12.2025
Oxunuş sayı: 1564