Sım kəndində aqroturizm layihəsinin icrası davam edir
Astaranın Sım kəndində aqroturizmin inkişafını nəzərdə tutan layihə üzrə işlər ardıcıl şəkildə həyata keçirilir. Layihə Dövlət Turizm Agentliyinin “Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə 2-ci qrant müsabiqəsi”nin qalibi Ramiz Kəlbi oğlu Kəlbiyevin təşəbbüsü ilə icra olunur.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində kənddə quraşdırılan arı yeşikləri yerli iqlimə tam uyğunlaşaraq stabil inkişaf nümayiş etdirib. Bu isə Sım kəndinin aqroturizm məkanı kimi seçilməsinin məqsədəuyğun olduğunu bir daha göstərib. Layihə komandası yerli arıçılarla görüşərək görülən işlər barədə məlumat verib və onların təkliflərini dinləyib.
Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran Regional Turizm İdarəsinin təşkil etdiyi Eko Festivalda da layihə iştirakçıları fəal təmsil olunub. Festivalda Sım kəndinin aqroturizm potensialı, arıçılıq sahəsi və yerli məhsullar ictimaiyyətə təqdim edilib.
Qış mövsümünün yaxınlaşması ilə əlaqədar arı ailələrinin hazırlanması üzrə bütün tədbirlər artıq başa çatdırılıb.
Layihə Sım kəndində aqroturizmin inkişafına, kənd təsərrüfatı fəaliyyətlərinin stimullaşdırılmasına və yerli icma üçün məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verir.
20:56 01.12.2025
Oxunuş sayı: 1455