Milli Dirçəliş Günü – Azərbaycanın müstəqilliyə aparan yolunun və Ulu Öndərin tarixi irsinin təcəssümü
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli şüurunun, azadlıq əzminin və dövlətçilik iradəsinin oyanışı kimi tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. 1988-ci ildə Bakının Azadlıq meydanında başlanan kütləvi xalq hərəkatı təkcə sovet imperiyasının təzyiqinə qarşı etiraz deyildi, həm də milli özünüdərk prosesinin güclənməsi, xalqın öz taleyinə sahib çıxmaq istəyinin parlaq ifadəsi idi.
Bu hərəkat, heç şübhəsiz, Azərbaycan xalqının müstəqilliyə doğru addımlarının başlanğıcı oldu. Lakin həmin dövrdə özünü göstərən milli dirçəliş ideyalarının sistemli şəkildə inkişaf etdirilməsi, dövlətçilik düşüncəsinin bərpası və müstəqillik yolunun müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, tarixi uzaqgörənliyi və xalqına olan sarsılmaz sevgisi ilə daha möhkəm məzmun qazandı.
Ulu Öndər Heydər Əliyev hələ sovet dövründən başlayaraq milli kimliyimizin, dilimizin, mədəniyyətimizin qorunması üçün atdığı addımlarla gələcək azadlıq hərəkatının ideya əsaslarını yaratdı. Müstəqilliyin bərpasından sonra isə o, Milli Dirçəliş Gününün təcəssüm etdiyi ideyaları real dövlət siyasətinə çevirdi. Onun qətiyyəti sayəsində Azərbaycan xaosdan, parçalanma təhlükəsindən xilas oldu, müstəqilliyini qorudu və dövlətçilik sütunları bərpa edildi.
Heydər Əliyev Azərbaycan xalqının milli dirçəlişini yalnız siyasi sahədə deyil, mənəvi sahədə də təmin etdi – milli həmrəyliyin gücləndirilməsi, Azərbaycançılıq ideyasının formalaşması, milli ruhun yüksəldilməsi məhz onun adı ilə bağlıdır.
Bu gün ölkəmizin inkişaf yolunda qazandığı bütün uğurlar, güclü orduya, dayanıqlı iqtisadiyyata, möhkəm dövlət sisteminə sahib olması Ulu Öndərin başladığı böyük dirçəliş konsepsiyasının davamıdır.
Beləliklə, 17 Noyabr – Milli Dirçəliş Günü təkcə xalqımızın meydan hərəkatının xatirəsi deyil, həm də Heydər Əliyev ideyalarının tarixi zəfəri, dövlətçilik irsinin bünövrəsi, milli birliyin əbədi rəmzidir.
Bu əlamətdar gün münasibətilə xalqımıza sarsılmaz birlik, inkişaf, firavanlıq və müstəqilliyimizin daim uca olmasını arzulayırıq.
Qoy uca Tanrı şanlı Azərbaycanımızı, onun dəmir yumruqlu liderini və xalqımızı qorusun.
Elmir Heydərli
09:58 17.11.2025
Oxunuş sayı: 3254