Azərbaycanın ilk ensiklopediyasının müəllifi: Məhəmmədəli Tərbiyət
Təbriz şəhərinin mərkəzində, səliqəli və geniş bir küçə Tərbiyət xiyabanı adlanır. 2015-ci ildə, burada Məhəmmədəli Tərbiyətin heykəlinin açılışı oldu. Kimdir bu Məhəmmədəli Tərbiyət?
Bu şəxs Azərbaycanın mədəni həyatında aktiv iştirak etmiş yüksək təhsilli, demokrat, maarifçi bir ziyalı olmaqla yanaşı, Təbriz şəhərinin inkişafında, maariflənməsində, abadlaşdırılmasında xüsusi xidmətləri olub.
Mirzə Məhəmmədəli Sadıq oğlu Tərbiyət 1877-ci ildə Təbriz şəhərində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini aldıqdan sonra Məhəmmədəli fransız və alman dillərini öyrənir, nücum, riyaziyyat və tibb sahəsində özəl dərslər almasına baxmayaraq, sonradan pedaqoji sahəyə maraq göstərir. O, ərəb, fars, fransız və ingilis dillərini mükəmməl öyrənir və Avropa elmi fikri ilə tanış olur.
Gənc yaşlarından, 1894–1895-ci illərdə Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində təbiət fənnindən, 1898–1912-ci illərdə isə yeni açılmış Loğmaniyyə mədrəsəsində nücum və coğrafiyadan dərs deməyə başlayır. O, müəllim işləməklə yanaşı, daim öz üzərində çalışmış, dövrün tanınmış alimi Mirzə Abdulladan xüsusi dərslər almış və onun ölümündən sonra alimin vəsiyyətinə uyğun olaraq, şəxsi kitabxanası Məhəmmədəliyə verilmişdir.
Məhəmmədəli Tərbiyət Təbrizin tanınan ziyalıları Seyid Həsənxan Ədalət və Seyid Məhəmməd Şəbüstəri ilə bir araya gələrək, "Tərbiyət" adlı yeni tipli məktəb və kitabxana açırlar. O, daha sonra Təbrizdə Avropa tipli ilk əczaxana və "Gəncineyi-fünun" ("Bilik xəzinəsi") adlı jurnal təsis edir. Ayda iki dəfə nəşr olunan jurnal çox keçmədən Təbrizdə tanınır. Tərbiyətin ilk elmi məqalələri də bu jurnalda nəşr olunur. O, ilk fürsətdə “Tərbiyət” kitabxanasının Tehran şəhərində də şöbəsini açır. Lakin, bu uzun çəkmir, qaragüruhçular mədrəsələri, nəşriyyatları, qəzet-jurnal redaksiyalarını dağıdır, dəyişiklik tərəfdarlarını təhqir və təqib edirlər. Təqiblərdən yaxa qurtarmaq, təzyiqlərdən uzaqlaşmaq üçün Məhəmmədəli Bakıya gəlir, sonradan isə İstanbula gedir. Burada o, kitabxanalarda elmi axtarışlar aparır.

O, İstanbuldan sonra Dəməşq, Beyrut, İsgəndəriyyə və Qahirə şəhərlərinə səfər edir. Bu şəhərlərin böyük kitabxanaları və elmi müəssisələri ilə tanış olur və sonrakı illərdə də onlarla əlaqə qurur, görkəmli ziyalılarla tanış olur. Bu müddətdə ilk qələm təcrübəsi olan "Hünər öyrədən", "Qədim mədəniyyətlər", "Ana yurdum" və "Təqvimi-Tərbiyət" adlı əsərlərini yazıb çap etdirir. Qahirədən İstanbula, oradan da Qafqaz yoluyla Təbrizə dönən Məhəmmədəli Tərbiyət ailə həyatı qurur.
Sonradan Avstriya, Fransa və İngiltərəyə də səfərlər edir. Avropanı gəzib-dolandıqdan sonra İstanbula gəlir və burada yazıçı Mirzə Əliəkbər Dehxuda ilə birlikdə "Səadət" əncümənini qurur və onun fəaliyyətində yaxından iştirak edir. Qeyd olunan M.Ə.Gehxuda qəzvinli azərbaycanlılardan olub, Tehran şəhərində anadan olmuşdu. Pəhləvilər zamanı səltənətin tarixi kökləri ilə bağlı çox sayda yazılar yazmış və İran mədəniyyət tarixində “Fars dilinin izahlı lüğətini” tərtib etmiş alim kimi yadda qalmışdı.
1903–1911-ci illərdə publisistika ilə ardıcıl məşğul olan Məhəmmədəli Tərbiyət 1908-ci ildə Təbrizdə nəşr olunan "İttihad" qəzetinin redaktoru olur və yenidən, Təbrizdən təkrar Milli Məclisə nümayəndə seçilir. Lakin məclisin fəaliyyəti yenidən dayandırılır və M.Tərbiyət təkrar xarici ölkələrə mühacirət edir. Onun bu səfəri uzun sürür.
Öncə Bakıya gələrək, buradakı çoxsaylı həmyerliləri və ziyalılarla görüşdükdən sonra İstanbula gedir. Birinci Dünya müharibəsinin sonunadək İstanbulda siyasi mühacir kimi yaşayan Məhəmmədəli İstanbulda da "Tərbiyət" kitabxanası açır və orada işləyir. M.Tərbiyət bu illərdə ciddi elmi axtarışlarla məşğul olur. Görkəmli Azərbaycan miniatürçüsü və karikaturaçısı Mirzə Hüseyin Tahirzadə Behzad Təbrizinin bir sıra əsərlərini də "Tərbiyət" kitabxanası çap etdirir.
Məhəməddəli Tərbiyət İstanbulda olarkən İran mətbuatı haqqında elmi araşdırmalar aparır. Bu araşdırma ona böyük uğur qazandırır. Belə ki, tanınmış ingilis alimi Edvard Brayn 1913-cü ildə çap etdirdiyi "İran mətbuatı və poeziyası" kitabında Məhəmmədəli Tərbiyətin əsərini ingilis dilinə tərcümə edərək, öz kitabına daxil edir. Çex şərqşünası, akademik Yan Ripka da "Tacik və fars ədəbiyyatı tarixi" kitabında M.Tərbiyətin əsərindən geniş istifadə edir.
1921-ci ildə Təbrizə dönən M.Tərbiyəti Təbriz vilayətinin maarif idarəsinə rəis təyin edirlər. O, yaranmış vəziyyətdən istifadə edərək, "Gəncineyi- maarif" adlı jurnal nəşr etməyə başlayır. Həmin jurnalda da "Xəqani Şirvani", "Saib Təbrizi" və bəzi elmi məqalələrini çap etdirir. Az müddətdə Azərbaycanın bir çox kənd və qəsəbəsində ibtidai və orta məktəbin açılmasına nail olan M.Tərbiyət ilk dəfə qızlar üçün də ibtidai və orta məktəb açmağa nail olur. Tarixi abidələrin bərpası və qorunması üçün də əlindən gələni əsirgəməyən M.Tərbiyət Təbriz şəhərində ümumi dövlət kitabxanasının və qiraətxanasının açılmasına da nail olur. 1923-cü ildən isə kitabxanadakı kitabların katoloqunu hazırladaraq hissə-hissə çap etdirir.

1925-ci ildə maarif müdiri vəzifəsindən uzaqlaşdırılan M.Tərbiyəti 1927-ci ildə Təbriz bələdiyyə idarəsinə seçilir. Şəhərin abadlaşdırılması, yeni xiyabanların salınması üçün böyük əmək sərf edən M.Tərbiyət Təbrizin ilk Avropa tipli parkı olan "Gülüstan" parkının salınmasına da nail olur. 1927–1929-cu illərdə Təbriz bələdiyyəsinə rəhbərlik edən Məhəmmədəli Təbriyət sonra doğulduğu şəhərdən İran Milli Məclisinə deputat seçildiyinə görə Tehrana köçür. Orada ictimai və siyasi fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də davam etdirir.
1934-cü ildə SSRİ-də Firdovsinin 1000 illik yubileyi qeyd ediləndə Məhəmmədəli Tərbiyət də İran nümayəndə heyətinin tərkibində Bakıya gəlir və bu onun Bakıya son səfəri olur. 1934-cü ildən sonra İranda pəhləviçilik motivləri qızışır, İran hökuməti bu istiqamətdə yazan alimləri dəstəkləyir. Məhz bu zamandan başlayaraq persiya adının İran ilə dəyişdirilməsi və İran üçün yeni milli konsepsiya hazırlanması işi başlanılır.
Qafar Kəndli və İsmayıl Şəms Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» təzkirəsinin Azərbaycan dilinə tərcümə nüsxəsinə yazdıqları müqəddimədə bu əsər ilk dəfə olaraq elmi şəkildə dəyərləndirilmiş, ədəbiyyat tarixçiliyimiz üçün əhəmiyyəti müəyyənləşdirilmişdir.
M.Tərbəyət Bakıdan qayıtdıqdan sonra bütün gücünü Azərbaycan alimləri adlı tədqiqatına yönəldir və 1935-ci ildə onu tamamlayaraq "Danişməndanı Azərbaycan" adı ilə çap etdirir. Bu əsərdə qədim dövrdən XX yüzilliyin 30-cu illərinədək yazıb yaratmış azərbaycanlı şair, yazıçı, filosof, nəqqaş, rəssam, xəttat, musiqiçi, jurnalist, alim haqqında ilk ensiklopedik məlumatlar toplanmışdır.
M.Tərbiyət ömrünün 40 ilini hərs etdiyi bu kitab 1935-ci ildə Tehranda çap olunur. «Danişməndani–Azərbaycan» adı ilə çap olunan bu kitab bir cilddə, 414 səhifədən ibarət idi. Kitab 919 şəxsiyyət – şair, yazıçı, filosof, təzkirəçi, ədəbiyyatşünas, rəssam, həkim, münəccim, mühəndis, memar, riyaziyyatçı, musiqişünas, jurnalist, tarixçi, xəttat, nəqqaş, səyyah, ilahiyyatçı alimlər haqqında məlumat verən ensiklopedik əsərdir.
Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında olduqca dəyərli qaynaq olan "Danişməndanı Azərbaycan" ("Görkəmli elm və sənət adamları") kitabı ədibin ana dilinə çevrilərək 1987-ci ildə Bakıda da nəşr edilmişdir. Kitabın Bakı nəşrinə ön söz yazmış, tanınmış alim Qafar Kəndli təkidlə onu «ensiklopediya»(darül-maarif) adlandırır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə, Könül Nəhmətovanın “Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri “Elm və təhsil”nəşriyyatında, 2012-ci ildə çapdan çıxdı. Kitabın elmi redaktoru filalogiya üzrə elmər doktoru Azadə Musayeva, rəyçilər, filalogiya üzrə elmər doktoru Alxan Bayramoğlu və filalogiya üzrə elmər doktoru Səadət Şıxıyevadır. Kitab, Azərbaycanın maarifçi ziyalısı Məhəmmədəli Tərbiyətin irsini və xüsusilə də “Danışməndane Azərbaycan” ensiklopediyasının öyrənilməsində mühüm rol oynamışdır.
Kazimi P.F.
İsmayılov N.İ.
15:16 13.11.2025
Oxunuş sayı: 2178