18 Oktyabr – Azadlığın və Dövlətçilik Ruhunun Təzahürü
Azərbaycan xalqının çoxəsrlik tarixində elə anlar vardır ki, onlar millətin taleyində dönüş nöqtəsinə çevrilmiş və gələcək nəsillər üçün qürur, iftixar mənbəyi olmuşdur. Belə tarixi anlardan biri də məhz 18 Oktyabrdır.
Bu gün xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli özünüdərkin, azad düşüncənin və milli birliyin vəhdədidir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ölkəmiz öz istiqlalını bərpa etdi. Bu sənəd Azərbaycan tarixində yeni səhifə açdı. Əsarətdən azad, suveren və müstəqil dövlətin möhkəm təməlini qoydu.
Əslində, bu gün təkcə 1991-ci ilin hadisəsi deyil, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının davamıdır. Hələ o zaman xalqımız Şərqdə ilk demokratik respublika qurmaqla azadlıq və bərabərlik ideallarına sadiqliyini sübut etmişdi. 1920-ci ildə bu istiqlal zorla əlindən alınsa da, azadlıq ideyası xalqın yaddaşından silinmədi. Nəhayət, XX əsrin sonlarında Sovet imperiyasının süqutu ilə xalqımız yenidən öz taleyinin sahibi oldu.
1991-ci ilin o çətin, ziddiyyətli dövründə qəbul edilən müstəqillik qərarı sadəcə siyasi akt deyildi bu, xalqın iradəsinin, milli ruhunun və azadlıq sevgisinin təzahürü idi. Lakin müstəqilliyi qazanmaq qədər onu qorumaq və möhkəmləndirmək də mühüm idi. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi siyasi böhran, iqtisadi tənəzzül və hərbi təcavüz şəraitində dövlətçiliyimizin qorunması böyük sınaqdan keçdi. Bu sınaqlardan xalqımız ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində üzüağ çıxdı. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, dövlət idarəçiliyi sistemi formalaşdı, beynəlxalq əlaqələr genişləndi və Azərbaycanın dünya birliyində mövqeyi möhkəmləndi.
Müstəqillik illərində Azərbaycan öz inkişaf yolu ilə bütün dünyaya sübut etdi ki, müstəqil siyasət yürüdən, xalqının maraqlarını qoruyan, güclü dövlət qurmaq mümkündür. Bu gün Azərbaycan regionda siyasi və iqtisadi baxımdan lider mövqeyə malikdir, dünya miqyasında nüfuzlu tərəfdaş kimi tanınır. 2020-ci ildə əldə olunan tarixi Zəfər isə müstəqilliyimizin nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqi oldu.
18 Oktyabr təkcə bayram deyil, həm də dərin bir mənəvi günüdür. Bu gün hər bir azərbaycanlı üçün müstəqilliyin əsl mənası azad və güclü dövlətin, birliyimizin və milli kimliyimizin təntənəsidir. Bu dəyəri qorumaq, onu gələcək nəsillərə ötürmək isə hər birimizin müqəddəs borcudur. Yaşasın o taylı bu taylı şanlı Azərbaycan!
Elmir Heydərli
09:32 18.10.2025
Oxunuş sayı: 2449