27 sentyabr - Hüzn və fəxarət günü
27 sentyabr Azərbaycan xalqının yaddaşında hüzn və qürur dolu bir gün kimi yaşayır. Bu tarix bizim üçün həm qəhrəmanlıq, həm də fədakarlıq dərsidir. 2020-ci ilin bu günündə uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda başlanmış Vətən müharibəsinin ilk səhifəsi yazıldı. Azərbaycan xalqı, dövləti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən parlaq Zəfər dastanını yaratdı.
Ermənistanın illərlə davam edən işğalı, təxribatları və beynəlxalq hüquqa zidd siyasəti qarşısında Azərbaycan xalqının səbri artıq tükənmişdi. Hər dəfə sülh yolu ilə problemi həll etmək istəsək də, düşmən işğal siyasətindən əl çəkmirdi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Bu əməliyyat təkcə hərbi mübarizə deyildi bu, ədalətin, haqqın, milli qürurun bərpası idi.
44 gün davam edən Vətən müharibəsi xalqımızın birliyini, igidliyini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirmiş oldu. Qəhrəman əsgər və zabitlərimiz canlarından keçərək bizə böyük Zəfər qazandırdılar. Bu şanlı Qələbənin baş memarı isə, əlbəttə, Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. Onun dəmir iradəsi, strateji düşüncəsi və diplomatik ustalığı sayəsində Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq arenada qalib gəldi. Bu qələbə və ölkə başçısını qətiyyəti bu gündə dünya miqyasında örnək kimi göstərilir.
Müharibə dövründə ölkə başçısının hər gün xalqa müraciətləri xalqda böyük ruh yüksəkliyi yaratdı. İlham Əliyevin hər bir çıxışı əsgərlərimiz üçün əsl motivasiya, xalqımız üçün ümid və inam mənbəyi oldu. O, həm döyüş meydanında “dəmir yumruq” simvolunu yaratdı, həm də diplomatik tərəfdən Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Prezidentin qətiyyəti nəticəsində sonda Ermənistan tərəfi kapitulyasiya aktını imzaladı və Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu.
27 sentyabr – Anım Günü həm də şəhidlərimizin müqəddəs xatirəsini yad etmək günüdür. Onlar bu torpaqları canlarını fəda edərək azad etdilər, Azərbaycanın bütövlüyü naminə ən uca zirvəyə şəhidlik zirvəsinə ucaldılar. Bu gün bizlər şəhidlərimizin ruhu qarşısında borcluyuq. Onların əmanət qoyduğu Vətəni qorumaq, gücləndirmək və gələcək nəsillərə daha qüdrətli şəkildə ötürmək hər birimizin öhdəliyidir.
Azərbaycan dövləti bu istiqamətdə artıq mühüm addımlar atır. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Şəhərlərimiz, kəndlərimiz yenidən dirçəlir, yeni həyatına qayıdır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində tikilən yollar, aeroportlar, məktəblər, xəstəxanalar, yeni yaşayış məhəllələri şəhidlərimizin ruhuna olan ehtiramın ən böyük göstəricisidir. Bu quruculuq prosesi həm də xalqımızın gələcəyə inamla addımlamasının təcəssümüdür.
27 sentyabr xalqımız üçün həm hüzn, həm də qürur günüdür. Biz hüznlə şəhidlərimizi xatırlayır, eyni zamanda fəxarətlə zəfərimizi qeyd edirik. Bu gün hər bir azərbaycanlı üçün müqəddəs bir and günüdür. Şəhidlərimizin yolunu davam etdirmək, onların qanı bahasına azad edilmiş torpaqları göz bəbəyi kimi qorumaq, dövlətimizin gücünü daha da artırmaq bizlərin öhdəliyindədir. Bizlər bu torpaqları qoruyaraq dirçəltmək şəhidlərimizin ruhu şad olacaq necə ki şaddır.
Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Qazilərimizə sağlamlıq, xalqımıza daim firavanlıq və qalibiyyət arzulayırıq. Azərbaycan dövləti, xalqı və ordusu birlikdə olduğu müddətdə bu torpaqlarda yalnız sülh, inkişaf və zəfər hökm sürəcəkdir.
Elmir Heydərli
14:52 27.09.2025
Oxunuş sayı: 7785