İlham Əliyev qarşısına hansı məqsədi qoyubsa, onu uğurla həyata keçirir - Deputat

Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri ölkənin postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq strategiyasının bariz nümunəsidir. Uzun illər işğal altında qalan, strateji və mədəni əhəmiyyətinə görə xüsusi yer tutan Kəlbəcər bu gün sürətlə dirçəlir, yeni infrastruktur layihələri ilə inkişafın rəmzinə çevrilir. Dövlət başçısının səfəri çərçivəsində bir sıra mühüm obyektlərin açılışı, o cümlədən regionun ən mühüm mühəndis layihələrindən biri olan 12 kilometrlik tunelin texniki təqdimatı, Azərbaycanın bu bölgəyə verdiyi dəyərin və gələcəyə yönəlik baxışının göstəricisidir. Bu səfər həm də milli iradənin, siyasi qətiyyətin və strateji hədəflərin həyata keçirilməsini simvolizə edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, Qarabağ sözün əsl mənasında cənnətə çevrilir: “2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra dünən əlində süngü olan, vətəni qəhrəmancasına azad edən əsgər Ali Baş Komandanın növbəti çağırışına da imza atdı. Bəli, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri, düşmən tərəfindən yerlə-yeksan edilən Qarabağ və Şərqi Zəngəzurla bağlı biz heç bir dövlətdən yardım istəmədik. Biz öz xalqımıza, öz gücümüzə inandıq və bu işlərə başladıq.
İlk əvvəl Cəbrayılda, Füzulidə, Zəngilanda, Ağdamda başlanan bərpa və quruculuq işləri hal-hazırda Laçında, Qubadlıda, Kəlbəcərdə uğurla davam edir. Bizə məlumdur ki, acı tarix olsa da, düşmən vaxtilə Qarabağla bağlı danışıqlarda ATƏT-in Minsk Qrupunu da inandırmışdı ki, Azərbaycana 5 rayonu qaytarmaq olar, amma Kəlbəcər və Laçından söhbət gedə bilməz. Doğrudan da Qərb hər dəfə Azərbaycanı israrla inandırmağa çalışırdı ki, bu iki rayon olmasa da olar. Nə üçün? Birincisi, hər şeydən əvvəl Azərbaycanda ən böyük tarixi abidəyə malik olan rayonlardan biri Laçın, ikincisi isə Kəlbəcərdir. Eyni zamanda Kəlbəcər yeraltı sərvətlərinə görə təkcə Azərbaycanın yox, Cənubi Qafqazın ən zəngin, ən varlı və imkanlı bölgələrindən biridir. Ona görə də düşmən bir tərəfdən strateji mövqeyini, digər tərəfdən isə bu boyda yeraltı sərvətləri nəzərə alırdı. Amma Azərbaycan düşməni darmadağın etdikdən sonra erməni hərbi birləşmələri Azərbaycan torpaqlarını tərk etdilər. O cümlədən tərk olunan ərazilərdən biri də Kəlbəcər və Laçın idi. Azərbaycanın dövlət başçısının növbəti dəfə Kəlbəcərə gəlişi, əhali ilə görüşü və Kəlbəcərdəki tikinti-quruculuq işləri ilə yaxından tanışlığı, ən nəhayət, Kəlbəcərdə yerləşən dünyanın ən uğurlu tunellərindən biri — 12 kilometrə qədər uzunluğu olan tunelin texniki açılışı da onu göstərir ki, Kəlbəcər yaxın zamanda təkcə Azərbaycanın ən inkişaf etmiş ərazisi kimi yox, ən yaraşıqlı şəhəri kimi, eyni zamanda yeraltı sərvətləri və tarixi abidələri ilə də diqqət mərkəzində olacaq, turizm mərkəzinə çevriləcək. Zar mağarası ilə bağlı orta məktəbdə oxuduqlarımız bu gün Azərbaycan tərəfindən reallığa çevrilib və ən qədim insan məskəni kimi mövcuddur. Bu istiqamətdə də uğurlu işlərimiz davam edir. Bir sözlə, Azərbaycanın dövlət başçısı və Birinci vitse-prezidentin Kəlbəcərə, ümumiyyətlə, Gəncəyə, Ağdərəyə səfərləri onu göstərir ki, dövlət başçısı qarşısına hansı məqsədi qoyubsa, onu uğurla həyata keçirir. Mən əminəm ki, Azərbaycanın dövlət başçısının xarici siyasətdə qazandığı uğurlar daxili siyasətdə də öz nəticəsini göstərir.
Dünənə qədər sülh müqaviləsinin bağlanması ilə bağlı bütün çətinliklər arxada qaldı. Azərbaycanın dövlət başçısının dili ilə desək hansı şərtləri irəli sürmüşdüsə, paraflanmış sənəddə həmin müddəalar öz əksini tapır. Bu o deməkdir ki, Azərbaycan qalib dövlət kimi diktə etməyi bacarır və onun diktəsi də qəbul olunur. Ona görə qəbul olunur ki, Azərbaycanın diktəsi ədalətlidir. Azərbaycanın diktəsi təkcə Azərbaycanın maraqlarını yox, eyni zamanda bölgənin maraqlarını da təmin edir. Və ən nəhayət, Azərbaycanın siyasəti — sülhsevər siyasəti — olduğu kimi, bu siyasət heç bir xalqın, heç bir dövlətin əleyhinə deyil”.
Nəzrin Salmanova
17:21 21.08.2025
Oxunuş sayı: 821