Trampa sui-qəsd təhdidi – Texasda bir nəfər saxlanıldı

ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd təhdidi səbəbilə Texas ştatının San Antonio şəhərində bir nəfər saxlanılıb. Teksas Qərb Dairə Prokurorluğunun yaydığı məlumata görə, 52 yaşlı Robert Herrera Trampın səfəri ərəfəsində sosial şəbəkədə silahlı təhdidlər səsləndirib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ Gizli Xidməti, Federal Təhqiqat Bürosu (FBI) və San Antonio polisi tərəfindən aparılan araşdırmalara əsasən, Herrera Facebook-da Trampın 13 iyul 2024-cü il tarixində baş vermiş sui-qəsd cəhdi zamanı çəkilmiş bir fotoşəkili paylaşaraq “Qaçırmayacağam” şərhini yazıb. O, həmçinin hücum tüfəngi və dolu daraqların şəklini də yayımlayıb.
Herrera, təhdidlərin edildiyi 10 iyul axşamı saxlanılıb. Donald Tramp isə ertəsi gün Texas ştatına səfər edib. Herrera barəsində irəli sürülmüş ittihamlar üzrə hər birinə görə 5 ilədək həbs cəzası nəzərdə tutulur.
İstintaq hələlik Herreranın real sui-qəsd planı qurub-qurmadığı, yoxsa sadəcə məsuliyyətsiz paylaşım etdiyi barədə yekun nəticəyə gəlməyib.
Mədinə Cəlilova
20:45 12.07.2025
Oxunuş sayı: 890