"Azərbaycan qlobal idarəetmədə iştirak edən bir ölkəyə çevrilib"- Deputat

Son bir ay ərzində Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurlar ölkəmizin diplomatik fəaliyyətinin səmərəliliyini və qlobal müstəvidə artan nüfuzunu bir daha nümayiş etdirib. Beynəlxalq təşkilatların xətti ilə keçirilən altı mühüm seçkidə Azərbaycan vətəndaşlarının namizədliyinin irəli sürülməsi və hər birində qələbə qazanılması təsadüfi deyil. Bu uğurlar Azərbaycanın sabit, etibarlı və prinsipial xarici siyasətinin, eyni zamanda, beynəlxalq tərəfdaşlarla qurduğu səmərəli münasibətlərin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu qələbələr Azərbaycanın dünya siyasətində fəallaşan rolunu, regional təhlükəsizlik və əməkdaşlıq proseslərinə töhfə verən tərəfdaş kimi qəbul olunduğunu göstərir. Belə uğurlar, təkcə siyasi prestij deyil, eyni zamanda, ölkəmizin qlobal qərarvermə platformalarında təsir imkanlarını artırır, beynəlxalq ictimaiyyətin etimadının artmasından xəbər verir. Bu kontekstdə sual yaranır: Azərbaycanın belə davamlı nailiyyətlərə imza atmasının əsas səbəbləri nələrdir və bu qələbələr gələcəkdə ölkəmizin mövqeyinə necə təsir göstərəcək? Məhz bu suallar ətrafında mövzuya daha dərindən nəzər salmaq faydalı olar.
Bu barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli Crossmedia.az-a açıqlama verib:
“Son 40 gün ərzində Azərbaycan Respublikası vətəndaşları və rəsmi nümayəndələri beynəlxalq təşkilatlar çərçivəsində keçirilən altı seçkidə qalib gələrək mühüm mövqelərə yiyələniblər. Bu uğurlar təkcə texniki xarakter daşımır, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, diplomatik fəallığının səmərə verdiyini və ölkəmizə göstərilən etimadın yeni mərhələyə keçdiyini göstərir. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliklərinə sadiq, dialoqa açıq və sabit tərəfdaş imicini möhkəmləndirib. BMT, Qoşulmama Hərəkatı, İƏT, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarla intensiv əməkdaşlıq, həm ikitərəfli, həm çoxtərəfli formatlarda Azərbaycanın fəallığını artırıb”.
Deputat həmçinin bildirib ki, bu fəallıq artıq rəqəmlərlə və seçki nəticələri ilə ölçülə bilir: "Azərbaycanın təqdim etdiyi və ya dəstəklədiyi namizədlərin qalib gəlməsi, səs çoxluğu ilə seçilməsi diplomatik hazırlığın və etimad platformasının güclü olduğunu göstərir. Bu seçkilərdə qələbələr beynəlxalq ictimaiyyətin Azərbaycana və onun nümayəndələrinə olan etimadının artmasının simvoludur. Belə nəticələr göstərir ki, Azərbaycan təkcə enerji resursları və coğrafi mövqeyilə deyil, həm də insan kapitalı, peşəkar kadrları və multilateral diplomatiyaya töhfəsi ilə tanınır. Etimadın bu səviyyəyə çatmasında Azərbaycanın sülh təşəbbüsləri, multikulturalizmə və beynəlxalq hüquqa sadiqliyi, həmçinin ədalətli mövqeyi mühüm rol oynayır. Bu, xüsusilə Qarabağ münaqişəsindən sonrakı dövrdə beynəlxalq sistemdəAzərbaycanın beynəlxalq təşkilatlarda mövqelərini gücləndirməsi təkcə nüfuz məsələsi deyil, bu, həm də konkret geosiyasi alətlər qazanmaq anlamına gəlir. Qlobal və regional qərarların qəbulunda iştirak, normativ yanaşmaların formalaşdırılmasında söz sahibi olmaq Azərbaycanın maraqlarını beynəlxalq hüquq müstəvisində qorumağa imkan verir. Eyni zamanda, bu seçkilər vasitəsilə Azərbaycanın “yumşaq gücü”nün, diplomatiya, mədəniyyət, təhsil, informasiya vasitəsilə təsir imkanları genişlənir. Bu, ölkənin yalnız regionda deyil, qlobal miqyasda da mühüm aktora çevrildiyini göstərir. Azərbaycan indi Cənubi Qafqazda və daha geniş regionda “problemin bir hissəsi” kimi deyil, “həllin açarı” kimi görünür. Bu baxışın formalaşmasında beynəlxalq seçkilərdə uğurlar da xüsusi rol oynayır”.
Siyasətçinin fikrincə, Azərbaycanın beynəlxalq seçkilərdəki qələbələri təsadüfi deyil, uzunmüddətli dövlət strategiyasının, diplomatik ustalığın və beynəlxalq əlaqələrin nəticəsidir: "Bu, həm də bir çağırışdır: Azərbaycan bundan sonra daha çox məsuliyyət daşıyır, daha çox diqqət mərkəzindədir və beynəlxalq sistemə daha böyük töhfə vermək gücündədir. Əldə olunan uğurlar Azərbaycanın beynəlxalq gündəmdə təsir gücünün artdığını, sözünün eşidildiyini və qlobal idarəetmədə iştirak edən bir ölkəyə çevrildiyini sübut edir”.
Ayhan
18:43 12.07.2025
Oxunuş sayı: 974