Səfir Talıbov: “Azərbaycan və Meksika yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur”


Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov ölkənin “Canal 6 TV” onlayn media kanalının aparıcısı Xulio Sezar Qarsiyaya geniş müsahibəsində Azərbaycan-Meksika münasibətlərinin hazırki vəziyyəti, ölkəmizin uğurları və dünyada artan rolundan danışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Azərbaycan ilə Meksika arasında ənənəvi olaraq mövcud olan yaxşı münasibətlərə toxunan səfir, Latın Amerikası bölgəsində ən vacib tərəfdaşlarımızdan olan Meksikada ilə münasibətlərdə son illər müşahidə edilən müsbət dinamikanı məmnunluqla vurğulayıb. O, Meksikaya son aylarda həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, iki ölkə arasında müsbət siyasi dialoqun mövcudluğunu xüsusi ilə qeyd edib. O həmçinin bildirib ki, iki ölkə arasında nümunəvi parlamentlərarası münasibətlər mövcuddur, o cümlədən hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir və bu qruplar arasında olduqca müsbət və fəal əməkdaşlıq əlaqələri formalaşıb.
Habelə müsahibədə Meksika ilə beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan qarşılıqlı faydalı və səmərəli əməkdaşlıqdan bəhs edib, bu kontekstdə COP29 çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Müsahibə zamanı iqtisadi sahədə böyük əməkdaşlıq potensialına toxunan M.Talıbov bildirib ki, hazırda Azərbaycan və Meksika arasında bu sahədə əməkdaşlığa əlavə təkan vermək məqsədilə istiqamətlər araşdırılır, konkret addımlar atılır. O, ölkəmizin təşəbbüsü ilə həyata keçirilmiş dünya miqyaslı layihələrin nəticəsində qitənin enerji və nəqliyyat xəritəsində yaratdığı dəyişiklikləri vurğulayaraq, Meksika şirkətləri üçün Azərbaycanın strateji qovşaq mövqeyinin açdığı əlverişli imkanlar ətrafında barədə aparıb.
Bərpaolunan enerji sahəsində ölkəmizin atdığı addımlara toxunan diplomat qeyd edib ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesində regional lider kimi çıxış edir və iqlim dəyişikliyi ilə mübarizə mövzusunda önəmli töhfə verən ölkələrdən biridir. O, ölkəmizin xüsusilə külək enerjisində böyük potensiala malik olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan artıq yaşıl enerji ixrac edir və bu sahədə bir sıra beynəlxalq layihələrdə fəal iştirak edir. Hazırda enerji keçidi sahəsində bir çox ölkələrlə müxtəlif əməkdaşlıq formatlarının movcudluğundan söz açan M.Talıbov ölkəmizin Meksika ilə bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.
Ölkəmizin iqtisadi inkişafında neft-qaz strategiyası ilə yanaşı, qeyri-neft sektoru ilə bağlı jurnalistin sualını cavablandıran səfir Azərbaycanın tarixən neft-qaz ölkəsi olmasına baxmayaraq, son 20 il iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm və uğurlu addımların atıldığını və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyini bildirib.
Ermənistan–Azərbaycan arasında keçmiş münaqişə nəticəsində ölkəmizin mədəni irsinə vurulan ziyanla bağlı jurnalistin sualını cavablandıran səfir M.Talıbov, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz barədə məlumat verib. O, xüsusilə 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin sistemli şəkildə dağıdıldığını və işğal olunmuş ərazilərin geniş şəkildə minalandığını təəssüflə qeyd edib, minatəmizləmə məsələsində dünya ictimaiyyətini ölkəmizə kömək etməyə çağırıb. Bununla yanaşı, Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinini bərpa etdiyini vurğulayıb, 2025-ci ilin ölkəmizdə 'Konstitusiya və Suverenlik İli' elan olunduğunu xatırladıb. Səfir əlavə edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına geri qayıtması üçün mühüm addımlar atılır.
08:54 20.06.2025
Oxunuş sayı: 893