Azərbaycan-Türkiyə qardaşlığı Kahramanmaraşda bir daha nümayiş olundu

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılışı və zəlzələdən zərərçəkmiş ailələrə yeni mənzillərin təqdimatı münasibətilə rəsmi mərasim keçirilib.
Crossmedia.az "Haber Globala"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində ciddi ziyan görən Hayrullah məhəlləsinin yenidən qurulması çərçivəsində salınan bu ərazi “Azərbaycan məhəlləsi” adlandırılıb. Layihə Türkiyənin Rəqabətli Sənaye Bölgələri (TOKİ) proqramı və Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib.
Açılış mərasimi zamanı hər iki ölkənin liderləri yenidənqurma təşəbbüsünün qardaşlıq və həmrəylik rəmzi olduğunu vurğulayıblar.
Mərasim çərçivəsində 4 ailəyə yeni mənzillərin açarları təqdim olunub. Təqdimat zamanı duyğulu anlar yaşanıb. Zəlzələdən zərər çəkmiş Önal ailəsinin azyaşlı üzvünün Prezident Rəcəb Tayyib Ərdoğanı və Prezident İlham Əliyevi qucaqlaması tədbir iştirakçılarına dərin təsir bağışlayıb və sosial şəbəkələrdə böyük rezonans doğurub.
Qeyd edək ki, “Azərbaycan məhəlləsi” layihəsi qardaş Türkiyəyə humanitar dəstəyin və Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir.
Məhəllə ən müasir standartlara uyğun şəkildə inşa olunub və zəlzələdən zərər çəkmiş vətəndaşların rifahının təmininə yönəlib.
Aybəniz Səfərova
20:29 19.06.2025
Oxunuş sayı: 974