Siber “elflər” Kremlə qarşı: “Haker deyilik, tədqiqatçıyıq”

Bolqarıstanda “BG Elfləri” adını daşıyan bir qrup siber aktivist həm heyvanlara işgəncə verənlərin məsuliyyətə cəlb olunması, həm də Rusiya mənşəli dezinformasiyalara qarşı mübarizə aparmaq üçün açıq mənbə araşdırmaları aparır.
Crossmedia.az xəbər verir ki, təxminən 70 anonim siber təhlükəsizlik mütəxəssisindən ibarət olan bu platforma, son olaraq bir heyvan haqları təşkilatına göstərdikləri dəstəklə gündəmə gəlib. Mart ayında yüzlərlə heyvanın işgəncə nəticəsində öldüyü videoları internetdə satmaqda ittiham olunan bir qadın və bir kişinin həbs olunmasına “Elf”lər yardım edib.
Qrupun ictimaiyyətə açıq yeganə üzvü, proqram təminatı üzrə mütəxəssis Petko Petkov AFP-yə verdiyi açıqlamada, “Gördüyümüz iş həyati əhəmiyyət daşıyır, çünki Bolqarıstanda ilk dəfə bir cinayət açıq mənbə istihbaratı (OSINT) sayəsində açılıb. Bu da səylərimizin konkret nəticə verdiyini göstərir”, – deyə bildirib.
İngiliscə “OSINT” olaraq tanınan bu metod vizual analiz, coğrafi yerin müəyyənləşdirilməsi kimi rəqəmsal araşdırma texnikalarına əsaslanır.
2024-cü ilin yayında bir heyvan hüquqları təşkilatı, maskalı bir qadının heyvanlara işgəncə verdiyi videonun yayımlanmasının ardından “Elf”lərdən yardım istəyib. Videolar Telegram platformasında paylaşılmışdı. Aktivistlər qadının yerini bir neçə saat içində müəyyən ediblər.
“BG Elfləri” 2023-cü ildə Bolqarıstana yönəlmiş Kremlin tərəfdarı dezinformasiyaya cavab olaraq yaradılıb. Petkov-un sözlərinə görə, əvvəlcə bir söhbət qrupunda 10 nəfər olublar. Konsepti formalaşdırdıqdan sonra könüllülər üçün elan veriblər. Hazırda qrupda siber təhlükəsizlik, sosial mühəndislik və verilənlər bazası üzrə mütəxəssislər də fəaliyyət göstərir.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Bolqarıstandan Kiyevə köçən 37 yaşlı Petkov, “Biz haker deyilik, tədqiqatçıyıq”, – deyə vurğulayıb.
Petkovun açıqlamasına görə, “Elf”lər dezinformasiyaya qarşı “insanları düşündürən əks-təbliğat” yaymağa üstünlük verir. O, yanlış məlumatların cəmiyyətə təsir göstərməsinin zaman aldığını bildirib və əlavə edib: “Fikrimiz təbliğat yerləşənə qədər mühiti yumor və ironiya ilə doldurmaq idi”.
Qrup yaxın zamanda Bolqarıstanın Avrozonaya daxil olmasına dair yayılan yanlış iddialara qarşı viral “meme” kampaniyasına başlayıb. Mart ayında isə Rusiya ilə əlaqəli dezinformasiya və təbliğat şəbəkəsini ifşa edən bir jurnalisti dəstəkləyiblər.
Son həftələrdə Bolqarıstanda heyvanlara işgəncə ilə bağlı saxlanılmalar və həbslər artdıqdan sonra, bu cinayətlərə görə 10 ilə qədər həbs cəzası nəzərdə tutan qanun layihəsi irəli sürülüb. Ölkədə son 5 ildə bu cinayətə görə təxminən 300 nəfər məhkum edilsə də, çox azı həbs olunub.
“Elf”lərdən yardım alan heyvan hüquqları təşkilatı CAAI o gündən bəri daha ciddi hadisələrin onlara bildirildiyini və siber aktivistlərin artıq bu işlərin üzərində çalışdığını bildirib.
Mədinə Cəlilova
02:00 03.06.2025
Oxunuş sayı: 1516