Mers Trampla görüşəcək

Almaniya kansleri Fridrix Mers gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və gömrük tarifləri müzakirə olunacaq.
Almaniya hökumətindən verilən açıqlamaya görə, Mers mayın 6-da Vaşinqtona səfər edəcək və cümə axşamı Ağ Evdə Trampla bir araya gələcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu, iki liderin ilk üz-üzə görüşü olacaq. Görüşdən sonra nahar və mətbuat konfransı da planlaşdırılıb.
Berlində dövlət başçıları ilə nahardan sonra Mers çərşənbə günü yerli vaxtla saat 22:00-da ABŞ-a yola düşəcək. Son həftələrdə Trampla bir neçə dəfə telefonla danışan Mersin əsas gündəmi Ukraynadakı vəziyyət və Qərbin dəstəyidir.
O, eyni zamanda atəşkəs təşəbbüsləri və Avropanın təhlükəsizliyi üçün diplomatik səylərini davam etdirir. Almaniya kansleri çərşənbə günü Ukrayna prezidenti Volodimr Zelenskini qəbul edib.
Ticarət məsələlərində də fikir ayrılıqları müzakirə olunacaq. ABŞ prezidenti Tramp Aİ-dən gətirilən mallara yüksək gömrük rüsumları tətbiq edəcəyini bildirsə də, bu qərar iyulun 9-na qədər təxirə salınıb.
Zəhra Ağayeva
14:10 02.06.2025
Oxunuş sayı: 1033