Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcək

Azərbaycan və Qazaxıstan iyulda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirəcəklər. Bu barədə Qazaxıstan KİV-ləri xəbər verir.
"Əminik ki, Hökumətlərarası Komissiyanın iyulda Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək", - Qazaxıstan hökumətinin nümayəndəsi qeyd edib.
O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını ötüb.
Qazaxıstan hökumətinin nümayəndəsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını vurğulayıb: “2024-cü ildə bu marşrut üzrə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb”.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2024-cü ilin mart ayında Astanada keçirilib. (report)
14:02 02.06.2025
Oxunuş sayı: 1215